Azərbaycanda LGBTQI+ hüquqları

Öne çıkan

Giriş: Azərbaycanda Respublikasında lesbian, gay, biseksual və transseksual (LGBT) azlıqlar bir çox hüquqi və sosial problemlərlə üzləşirlər. Eyni cinslərin seksual fəaliyyəti 2000-ci il sentyabrın 1-dən etibarən Azərbaycanda qanunidir. Buna baxmayaraq, cinsi oriyentasiya və gender mənsubiyyətinə görə ayrı-seçkilik ölkədə qadağan edilməyib və eyni cinslərin nikahı hələ də qanunsuzdur.

2016-cı ildə Beynəlxalq Lezbiyan, Gey, Biseksual, Trans və İnterseks Assosasiyası (ILGA) Azərbaycanda LGBT fərdləri üçün “hüquqi müdafiənin tamamilə mümkünsüzlüyü” nü göstərərək, bizim ölkəmizi LGBT üzvləri üçün həyat standartı baxımından Avropa ölkələri içərisində ən axırıncı ölkə (49-dan 49) kimi sıraladı. 2017-ci ildə ILGA-Avropa yenidən Azərbaycanı LGBT hüquqları üzrə bütün Avropa ölkələr içərisində ən axırıncı ölkə elan etdi. Eyni zamanda 2017-ci ilin sentyabrında Bakıdakı LGBT icmasının ən azı 100 üzvü fahişəliyə qarşı mübarizənin bir hissəsi kimi qanunsuz qaydada həbs olundu. Aktivistlər bildirdilər ki, bu məhbuslar döyülməyə, qanunsuz sorgulara, məcburi tibbi müayinəyə və şantajlara məruz qalıblar.

Halhazırda Azərbaycanda LGBT üzvləri hər gün yüksək dərəcədə şiddət, təzyiq və ayrı-seçkiliklə üzləşirlər.

Ümumi hüquqi çərçivə: Ümumi bərabərlik prinsipi Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində göstərilib. Bu müddəa hər kəsə öz hüquq və azadlıqlarınını   ölkəsindən, irqindən, milli və dini kimliyinən, dilindən, cinsindən, mənşəyindən, əmlakından, rəsmi statusundan, məhkumluğundan yaxud siyasi partiyalara, həmkarlar ittifaqına və digər sosial təşkilatlar üzvlüyündən asılı olmayaraq bərabər qaydada həyata keçirmək imkanı verir. Azərbaycanda 2006-cı ilin oktyabr ayında isə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”  Qanun qüvvəyə minmişdir. Qanunda gender əsaslı ayrı-seçkiliyi seksual qısnama da daxil olmaqla, cinsi əlamətə görə hüquqların bərabər həyata keçirilməsini məhdudlaşdıran və ya inkar edən istənilən fərq, istisna və ya üstünlük kimi müəyyənləşdirir. Ancaq qanunda ayrı-seçkiliyin ümumi tərifi yoxdur. Ümumi bərabərlik prinsipi digər Azərbaycan qanunvericiliyində, o cümlədən mülki, cinayət, cinayət prosesi, əmək və ailə hüququ ilə müəyyən edilir. Cinsi oriyentasiya yaxud gender kimliyinə əsaslanan diskriminasiyanın qadağan olunması isə qanunvericilikdə ümumiyyətlə yoxdur. Yəni, Azərbaycan Respublikasının qanunvericiliyində cinsi oriyentasiya və cinsiyyət kimliyi ayrı-seçkilik əleyhinə əsaslardan biri hesab edilmir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nifrət cinayətləri ilə bağlı heç bir müddəa yoxdur və beləliklə, hazırda  homofobiya və ya transfobiya cinayəti ağırlaşdıran hal kimi cinayət qanunvericiyinin diqqətindən kənardadır. Razılaşma yoluyla cinsi əlaqədə olma yaşı həm heteroseksual və homoseksuallar üçün bərabərdir və qanunda 16 yaş hesab olunur. 2000-ci ildə eyni cinsilər arasında (xüsusilə kişilər) cinsi əlaqəni qadağan edən qanun maddəsi isə qüvvədən düşmüşdür. Eyni cinsə mənsub şəxlərin nikahı isə qanunvericilik tərəfindən tanınmır.

Əsas insan hüquq və azadlıqları Azərbaycan Konstitusiyasında təsbit edilmişdir. Azərbaycan tərəfi olduğu beynəlxalq müqavilələr milli qanunvericilik sisteminin əsas tərkib hissəsidir. Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasını (AİHM) imzalamış və ratfikasiya etmişdir. Beləliklə, Konvensiyanın özü və  xüsusilə LGBT məsələlərinə aid olan 8 və 14-cü maddələri Azərbaycanın hüquqi yurisdiksiyasina birbaşa tətbiq olunur.

 LGBT hüquqları ilə əlaqədar heç bir milli strategiya planı indiyədək ümümdövlət səviyyəsində qəbul edilməyib. Bərabərliyi təmin etmək üçünhər hansi bir dövlət orqanı da yaradılmayıb.

Birləşmək və toplaşmaq azadlığı: Azərbaycan Respublikasında hər kəsin birləşmək və toplaşmaq azadlığı Konstitutsiya tərəfindən təmin olunur, amma bu təminat praktikada LGBT məsələlərinə aid edilmir. Bununla bağlı xüsusi bir hüquqi iş yoxdur, lakin mövcud hesabatlardan da görünür ki, birbaşa və yaxud dolayı yollarla LGBT hüquqları ilə məşğul olan təşkilatlar və yaxud individuallar daima təqib olunurlar. Ölkədə LGBT hüquqları ilə birbaşa işləyən qanuni qeydiyyatdan keçmiş hər hansı bir təşkilat yoxdur. Bu məsələyə fokus olmaq istəyən təşkilatlar adətən buna QİÇS (AİDS) məsələləri üzərindən yanaşmağa meyl edirlər.  2011-ci ilə kimi Azərbaycanda homoseksual cütlüklərin birliklərinin hüquqi tanınması üçün konkret hüquqi forma da yox idi. 2011-ci ildə Azərbaycanda LGBT hüquqlarının təbliği və bu mövzu ilə bağlı işləyən bloqların kordinə edilməsi üçün “Gender və Tərəqqi İctimai Birliyiyi” aradılmışdır.

Əlavə olaraq da hər hansı LGBT yürüşü (Gay Pride March) indiyə qədər təşkil olunmayıb.

İfadə azadlığı: Azərbaycan qanunvericiliyində LGBT fərdlərinin ifadə azadlığına mane olan hər hansı bir müddəa və yaxud qanun yoxdur. Ancaq Sovet İttifaqının dağılmasından sonra müharibə zamanı bir azərbaycanlı və erməni gay arasındakı eşq hekayəsindən bəhs edən  “Artuş və Zaur” romanını nəşr edən, yazar Ələkbər Əliyev Azərbaycan polisi tərəfindən buna görə təqib olunub. Polis kitabın paytaxtın böyük kitabçılarından birinin rəfindən çıxarılmasını əmr edib. Bundan başqa, müəllif və oxucular arasında kitabın ictimai müzakirəsləri isə təhditlərlə qorxu altında ləğv edilib.

Azərbaycanda LGBT mövzulu ilk bloq olan http://www.freelgbt.com 2012-ci ildə Azad LGBT Azərbaycan Təşkilatı tərəfindən yaradılmışdır. Təşkilat rəhbərlərinin sözlərinə görə hökümət LGBT adlı təşkilatı qeydiyyata almadığına görə bu cür ad seçilmişdir.

Nifrət Cinayətləri – Cinayət hüququ: LGBT şəxslərinə qarşı nifrət nitqi ilə bağlı Cinayət Məcəlləsində hər hansı müddəa  yoxdur.

Təhsil: Azərbaycan Respublikasında təhsilə aid qanunvericilik ictimai məktəblərdə cinsi təhsili və ya həyat bacarıqlarını tədris etməti məcburi etmir. Məktəblərdə bu mövzular tədris olunmur.  Beləliklə də təhsil materiallarında LGBT məsələləri təmsil olunmur.

Məşğulluq: Konstitusiyada  eləcə də “Gender Bərabərliyinin Təminatları Haqqında” Qanunda, Əmək Məcəlləsində və bir sıra digər qanunlar nəzərdə tutulan ümumi ayrı-seçkiliyin qadağası prinsipi, məşğulluğun bütün aspektlərinə tətbiq edilir. Cinsi oriyentasiya və cinsiyyət kimliyi ayrı-seçkilik əleyhinə əsaslardan biri olmadığı üçün də LGBT fərdlərinin məşğulluq sahəsində ayrı-seçkilikdən xüsusi qorunması yoxdur.

Azərbaycan əsasən müsəlman əhalinin üstünlük təşkil etdiyi dünyəvi dövlətdir. LGBTQ fərdləri həm  dövlət, həm də cəmiyyət tərəfindən daim təzyiq hiss edirlər. Ölkə əhalisi arasında mövcud olan homofobiyanın əsas səbəbi insanlarda mövzu ilə bağlı yanlış məlumatların olması və ya ümumiyyətlə məlumatsızlıq, həmçinin “köhnə ənənələr”lə əlaqədardır. Homoseksual fərdlərin ailələri, xüsusilə kənd və rayonlarda əsasən onların seksual orientasiyasını qəbul etmirlər. “Kaminq-aut” ailə başçılarının şiddəti və ya sosial imtina ilə nəticələnir, eləcə də homoseksual şəxslər heteroseksual ailə qurmağa məcbur edilirlər.

Gey, lezbiyan, biseksual və transgender olaraq “kaminq out” çox nadir halda baş verir, LGBT şəxslər bunun verə biləcəyi nəticələrdən qorxurlar. Nəticə olaraq belə insanlar ikili həyat sürməyə məcbur olub, gey olduqlarından utanırlar. Maliyyə müstəqilliyi olub Bakıda yaşayan LGBT şəxslər əmin həyat sürə bilir, şəxsi mühitlərində rahat homoseksual həyat sürə bilirlər. Azərbaycanda LGBT şəxslərin hüquqları üçün mübarizə aparan heç bir siyasi hərəkat yoxdur, lakin, insan haqqları uğrunda mübarizə aparan aktivistlərdən bəziləri bu sahədə olan problemlərlə də bağlı fikirlər səsləndirirlər. Azərbaycanda LGBT şəxslərin hüquqlarını müdafiə edəcək təşkilata ehtiyac var.

Baxmayaraq ki, Azərbaycanda homoseksual münasibətlər leqallaşdırılıb, geylərə qarşı (əsasən kişi fahişələrə) polis təzyiqləri olması haqqında məlumat vardır. Polis təzyiqindən şikayət edənlər isə, sonradan polisin qisas almasından çəkinərək kimliklərinin gizli saxlanmasını istəyirlər.

Nümunələr:

  1. İsa Şahmarlının intaharı: 2014-cüilin yanvarında Azad LGBT adlı təşkilatını rəhbəri İsa Şahmarlı özünü Göy qurşağı bayrağından asaraqintahar etmişdir. İntahar vaxtı işsiz və borclu olan İsa onu “xəstə” hesab edənailəsindən də uzaqlaşmışdı. Öz şəxsi Facebook hesabındaölümündən qabaq mesaj yazmış İsa cəmiyyəti ölümündə günahkar elan edirdi, onunmesajı isə ölümündən sonra dostları tərəfindən aşkarlanmışdı.
  2. Sentyabr reydləri(kollektiv həbslər): Azərbaycanda LGBT cəmiyyəti 2017-ci ilinsentyabrında dövlətin ağır təqib və təzyiqlərinə məruz qaldı. Küçələrdə və evdəonlarla transgender və geylər  həbsedildi; bəziləri polis məmurları tərəfindən ağır şəkildə döyüldü. Polis qanunsuzüsullarla ilk növbədə şəxslərin cinsi oriyentasiyasını öyrənməyə və daha sonraonları həbe etməyə başladı. Məsələn, sübutlar var vardır ki, bir çox polisözünü homoseksual biri kimi qələmə verərək şəxslərə yaxınlaşır, bu şəkildə  onların cinsi oriyentasiyası təsbit edildikdənsonra  həmin şəxslər həbs edilirdi. Eynizamanda sübutlar göstərir ki, LGBT + şəxslərin dövlət orqanların əgər digər şəxslərinadlarını demədikləri halda onlara  “ailənizə xəbər verəcəyik” deyə şantajlaraməruz qalıblar. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bu kollektiv həbs və həbsləri məcburiinsan immun çatışmazlığı virusu (QİÇS/AIDS) müayinələrinin aparılması zərurətiilə əsaslandırdı. Bundan əlavə, 2017-ci ilin sentyabr ayının sonlarında bir neçəgün müddətində 100-dən çox adamın inzibati həbsə və məcburi AİDS müayinələrinəməruz qaldığı bildirildi. Bildirildi ki, bu hədəf həbslər buna məruz qalanlarıncinsi oriyentasiyası  ilə bağlı yerlisakinlərin şikayətləri ilə başlamışdır. Azərbaycandakımüxalifət partiyaları və  insan hüquqlarıilə məşğul olan qeyri-hökumət təşkilatının çoxu cəmiyyətin dəstəyini və özreputasiyalarını itirməkdən qorxduqları üçün 2017-ci ilin sentyabrında bukollektiv həbslər zamanı səssiz qaldılar. Bu məsələyə vətəndaş cəmiyyətininnümayəndələri tərəfindən lazımı diqqət göstərilmədi.

Nəticə: Azərbaycanda həm kişilər, həm də qadınlar arasındaeyni cinsli münasibətlər leqal olsa da, eynicinsli ailələr heteroseksual ailələrin malikolduqları hüquqi müdafiəyə malik deyillər. Eyni cinsə məxsus şəxslərin nikahıqanunvericilikdə tanınmır.

Azərbaycan Respublikasının mövcud daxili qanunvericiliyində cinsi oriyentasiya əsasında ayrı-seçkiliyin qadağan edilməsi haqqında heç bir müddəanın olamaması bu məsələ ilə bağlı ən böyük problemlərdən biridir. Azərbaycan qanunvericiliyində bu əsasla bağlı heç bir müddəa yoxdur. Yalnız 10 oktyabr 2006-cı il tarixində qəbul edilmiş Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”  Qanunda gender bərabərliyi haqqında danışılır, lakin bu da yanlız kişi və qadın cinsinə mənsub olanlar arasındakı bərabərliklə məhdutlaşır.

Azərbaycanda LGBTQI + cəmiyyəti hələ də birləşmək və ifadə azadlığından tam istifadə edə bilmirlər. Qeydiyyatdan keçmiş LGBTQI + qeyri-hökumət təşkilatı (QHT) mövcud deyil.

Cəmiyyət içində isətam maariflənmə yoxdur. Əksər post-soovet ölkələrindəolduğu kimi, Azərbaycanda da homoseksualizm ətrafında qarışıqlıq olan bir məsələdir.Azərbaycanda homoseksuallığın psixoloji, sosioloji və hüquqi aspektləri haqqında obyektiv və düzgün məlumat yoxdur, çünki, cəmiyyətdəhomoseksualizm haqqında düzgün məlumat yoxdur. Məhz buna görə də LGBT  üzvlərinə qarşı mövcud homofobiya,diskriminasiya və nifrət nitqi halları hər keçən gün daha da artır.

Reklamlar

“Ay da mən barmaqlarımı heç kimə göstərməyəcəyəm, yoxsa bilərlər”

Müsahibimizin 18 yaşı var, 1-ci kurs tələbəsidir. İqtisadiyyat üzrə təhsil alır.

İbtidai sinifdə oxuyanda saatlarla internetdə, komputerin qarşısında oturub fikirləşirdim ki, mən beləyəm, yoxsa yox. Qərara gələ bilmirdim. O vaxtlar online testlər olurdu, açırdım, suallar verirdi. Onlardan biri yadıma gəlir, mənə şəkil göstərmişdi, çox feminen görünən bığlı bir kişi idi. Saç düzümü var idi qəribə, məndən soruşmuşdu ki, “siz bir saç düzümünə nə qədər pul xərcləyərsiniz? 5 dollara qədər, 10, 15”. Cavablara uyğun nəticələr çıxırdı. Sonra digəri vardı, barmaqları göstərirdi, “sizin  orta barmağınız digər barmağınızla eyni uzunluqdadırsa, deməli geysiniz”. İndi uzunluq eyni deyil, amma o vaxtlar eyni idi. Mən də baxıb demişdim ki, “ay da, mən barmaqlarımı heç kimə göstərməyəcəyəm, yoxsa bilərlər”. Arada dostlarımla söhbət edəndə, bəzən cinsi mövzulara toxunurduq, mən qulaq asırdım, deyirdim “aha, aha məndə də olur”. Halbuki olmurdu. Daha sonralar mən üstündə fikirləşə-fikirləşə o sözü başa düşdüm, testləri kənara atdım. Bildim ki, bu testlərlə olan şey deyil. Daha çox oxuyub araşdırmağa başladım, homoseksuallıq, digər seksual orientasiyalar, gender kimlikləri. Və oxuduqca, mənə hər şey aydın olurdu ki, niyə beləyəm. Niyə beləyəm yox, daha doğrusu, o dövrlərdə niyə gey olduğumu başa düşmürdüm. Xəstəlik olduğunu da fikirləşmirdim. Məlumatlarım çoxaldıqca adiləşməyə başladı bu söz, 14 yaşımda tam əmin oldum ki, mən geyəm.

  • Siz həm də  LGBTQİ+ fəalısınız.
  • LGBTQİ+ fəalı deməzdim, amma nələrsə həyata keçirməyə çalışıram. Bir dəfə 30 nəfərlik qrupa iki saat ərzində gender və özünüifadə ilə bağlı təlim keçmişdik. Bəzi məkanlarda bizə əngəllər yaratdılar. Mediada LGBTQİ barədə müqayisəli multimedia hekayəsi hazırlamışam, o çapdan çıxmalıdır. LGBTQİ ilə bağlı beynəlxalq advokatlıq proqramlarında assistenlik edirəm.
  • Gələcək fəaliyyətlərinizdə LGBTQİ+ icması ilə bağlı hansı maarifləndirici işlər görməyi planlayırsız?
  • İndi artvizm və homofobiya barədə daha böyük bir təlim keçirmək istəyirəm. İnsanların bu sahədə maariflənməsinə ehtiyac var. Azərbaycan dilində LGBTQİ ilə bağlı materiallar azlıq təşkil edir. Mən özüm balaca olanda axtaranda azərbaycanca heç nə tapa bilmirdim, daha çox türkcə, rusca, ingiliscə materiallar çıxırdı qarşıma. O vaxtlar da o dillərdə yaxşı bilmirdim. İstəyərdim ki, azərbaycan dilində materialların, resursların sayı artırılsın ki, insanlara çatımlılıq daha rahat olsun. Xınalıqda da, Bakıda da internetə girən birinin eyni resurslara çatımlılığı olsun. Minority kimi jurnalın mövcudluğu çox yaxşıdır. Mən  bölgələrdən birində böyümüşəm, ancaq facebook qruplarından məlumatları oxuyub özümdə aidlik hiss edirdim. O vaxtlar “Bakının yeddi rəngi” adlı səhifə vardı, ordan çoxlu məlumat öyrənmişdim. Mən çox istəyərdim ki, bu resursların yaradılmasına kömək və iştirak edim. LGBTQİ+ üzvləri ilə belə müsahibələrin olması çox yaxşıdır ki, insanlar digərlərinin hekayələrini oxuyub, özlərində olan hansısa xüsusiyyəti görə bilirlər. Təcrübəmi, qarşılaşdığımız şeylərmi, gələcək planlarmı, hər nə isə.  Bütün bu materialların görünən olması, nəinki onları axtaran insanların , həm də axtarmayanların qarşısına çıxması vacibdir. Ola bilər ki, bu insanların xoşuna gəlməsin, açıb oxumasınlar, amma başa düşəcəklər ki, bu şey mövcuddur.
  • Resursların görünə bilən olması üçün nələr etmək lazımdır?
  • Homoseksuallıqla bağlı olan tədbirlər, seminarlar gizli olmamalıdır,  sadəcə icma üçün yox, hamı üçün açıq olmalıdır. Bunun üçün təlimin adını ”gender və özünüifadə” yox, “homoseksuallıq və özünüifadə” qoymaq lazımdır, LBGT bayrağı asmaq lazımdır. LGBT fərdləri səslərini daha çox qaldırmalıdır, hekayələrini daha çox paylaşmalıdır. Multimedia hekayələrinin sayının daha çox artmasını, şəkillərin, filmlərin daha çox olmasını istərdim, şəkilli hekayələr, cizgi filmlər. Siz homoseksuallarla bağlı bir tədbirə gedəndə, və ya kitab alanda sizə kimsə qəribə baxa bilər. Müəyyən mənada bu insanları çəkindirə bilər,  amma yatağınıza girib yorğanı başınıza çəkib bir filmə, bir şəklə baxanda bunu heç kim görməyəcək, sizi riskə atmayacaq. Bir də cinsi xəstəliklərə toxunmaq istərdim, çox marjinallaşdırılmış mövzulardan biridir ki, insanlar bunu ciddi qəbul etmirlər. Hətta heç ciddi qəbul etmirlər, danışmırlar, oxumurlar, görmürlər. Anal yolla olan əlaqə zamanı qorunurlarsa da, HİV yoxlanışlarından keçirlərsə də oral yolla keçə bilən xəstəliklər barədə heç bir anlayış yoxdur. Siflis var, qonoreya, xlamidioz və s. kimi. Bu xəstəliklər hətta cinsi xəstəliklər arasında görünürlüyü olan HİV-dən daha çox yayılıblar. Məsələn, siflisin 4-cü dərəcəsi insan bədəninə bərba olunmayacaq dərəcədə ağır zərbələr vura bilər, korluq, beyində neyronların ölməsi kimi. HİV-dən başqa,  bu xəstəliklərin simptomları özünü əvvəldən göstərə bilir, əgər insanlar bu xəstəliklər barədə məlumatlı olsalar, müalicə oluna, şəfa tapa bilərsən. Bu hım də yalnız sənin özünlə bağlı bir şey deyil, digərlərinə də bu xəstliklərinə yoluxdursan. Ölüm zənciri yaradırsan ki, bu bütün dünyada olan LGBTQİ+ problemləri içərisində homofobiyadan sonra, ən ciddi məsələdir. Digər məsələ  Azərbaycanda bu xəstəliklərin müalicəsi daha bahadır, əgər tanış həkiminiz yoxdursa. Hanısa xəstəxanaya getsəz müalicə üçün, biləndə ki, cinsi xəstəliyiniz var bir iynəyə görə bəlkə 500 manat pul istəyəcəklər, bundan da xeyir çıxara bilirlər. Digər bir məsələ insanların bu barədə danışmağa utanmasıdır. Necə ki, dişin ağrayanda həkimə gedirsən, bundan da çəkinmək lazım deyil.
  • Cəmiyyətimizdə LGBTQİ+ ilə bağlı yayılan yanlış stereotiplər  hansılardır?
  • Əsasən transgenderlərlə bağlı belə bir sterotip var ki, hamısı seks işçisidir. Doğrudan da  onların böyük əksəriyyəti seks işçiliyi ilə məşğul olur. Başqa seçimləri yoxdur, çünki ciddi qəbul etmirlər, iş vermirlər. İşəgötürənlərin fikrincə, onların çox yaxşı iş təcrübələri, universitet dərəcələri ola bilər, amma trans olmaları, onları iş pozisiyalarına yararsız edir. Digər bir stereotip, dünyanın sonunun gəlməsi ilə bağlıdır. Neçə il əvvəl rayonumuzda olmuşdu bu, bir nəfər əməliyyat keçirib trans qadın olmuşdu. Neçə müddətdən sonra onun xəbəri bizim küçəyə də gəlib çıxmışdı. Bibim çox homofobdur və transfobdur, onun reakiyası hələ də yadımdadır, çox qəzəblənmişdi. Halı dəyişmişdi, danışırdı ki, “gör bizim rayonumuzun başına necə bir bədbəxtçilik gəldi”. Onda başa düşmürdüm, ki, o bunu niyə belə şəxsi kontekstdə qəbul edir. O fikirləşirdi ki, təkcə o yox, insanların çoxu, homoseksualların və yaxud cinsiyyətini dəyişənlərin sayının artması, bütün dünya əhalisinin sayının azalmasına gətirib çıxaracaq. Amma onlar düşünmür ki, homoseksualların sayı artanda heteroseksualların da sayı artır. Bibim bunu neçə dəfə mənə deyib ki, homoseksualların sayının artması dünyanın dağılmasına gətirib çıxaracaq, çünki bir-birlərindən uşaq əldə edə bilməyəcəklər, bir gün gələcək, bütün dünya onlardan olacaq”.
  • Sizcə,  doğrudan da homoseksualların sayımı yoxsa görünənlikmi artır?
  • Məncə görünənlik artır. Qədim misir, yunan mifologiyasında onların hekayələri var, Osmanlı incəsənətində kişilərin yallı getdib sekslə məşğul olduğu bir miniatür var. Homofobiya sonradan çıxan bir termindir, homoseksuallıq isə həmişə olub.
  • Stereotoplərdən biri,  homoseksual kişiləri də tam kişi olaraq görə bilməməkləridir. Bəzən cəmiyyətimizdə homoseksuallığı Dağlıq Qarabağ münaqişəsi ilə də uzlaşdırırlar ki, bunlarmı gedib Qarabağı alacaq?! Bu əslində cəmiyyətimizdə həm də qadınlara olan latent nifrətdən irəli gəlir. Translarla  münasibətdə də yaşanır bu. Kişidirsə, özünün kişi kimi üstünlüklərindən imtina edib, qadının roluna üstlənirsə, deməli o yüksək bir pillədən bir eniş edib. Bir transgender vardı, neçə il qabaq əsgərlikdə fotoları paylaşılmışdı, orda görünürdü ki, transormasiyadan əvvəl əsgərliyinə gedib gəlmişdi, yüksək xidmətləri də olmuşdu. Mən fikirləşirəm kİ, özünü bu prosesin bir parçası hesab edən, bunu arzulayan hamı istənilən şəxs gedib orduda xidmət edə bilər. Bəli, bu sterotipin bir hissəsidir ki, bu şəxslər gedib orduda xidmət edə bilməz, əlinə silah ala bilməz, Qarabağı ala bilməz. Bu həm də konfliktlə bağlı olan nifrətdən irəli gəlir. Insanlar içlərində olan nifrəti ermənilərə istədikləri kimi qusa bilmədiklərinə görə, daha çox bizə qusurlar.  Onlar istəyirlər ki, Qarabağ qayıtsın, onlar torpaqlarına geri dönsünlər. Mən də hamı kimi bunu arzulayıram əlbəttə. Sterotipi yaradan səbəblərdən biri də televiziyalarda, kanallarda LBGTQİ+ icması ilə assosiasiya olunan fiqurlardır. Onların etdiyi söhbətlər çox da adekvat deyil. Hətta indiyə qədər cinsi orientasiyalarını insanlara açıqlamadığı halda, onların fəaliyyətlərini bütün icmaya şamil edirlər.  Etdikləri hərəkətlər və söhbətlər icmanın reputasiyasına ciddi təsir göstərir, deyirlər bu belədirsə, Əlisi, Vəlisi də belədir.
  • Özünüzü qəbul etməklə bağlı çətinlik yaşamamısınız, yaxın ətrafınıza  kaming-aut etmisinizmi?
  • Bəli, dostlarıma kaming-aut etmişəm. Hətta bununla bağlı bir qəmgin hekayəmi paylaşmaq istəyərdim. 8-ci sinifdə oxuyanda bir dostumla gey olduğumu paylaşmışdım, insanların reaksiyaları maraqlı idi. O da pis qəbul etməmişdi, normal idi münasibəti. Bir dəfə bizim aramız nəyəsə görə dəyişmişdi. O gedib bütün sinfə yaymışdı ki, mən geyəm. Mən qəbul etməmişdim. Sinifdə 20 nəfər uşaq vardı, müəllim hər ikimizi, ittihamı edən sinif yoldaşımla birgə lövhəyə, bütün sinfin qarşısına çıxartmışdı. Və təsəvvür edin,  müəllim oturub, uşaqlar hamısı müzakirə edir, soruşur kİ, “sənin orientasiyan nədir, sən nə vaxtdan bu işlərlə məşğul olmağa başladın?”. Özümü təzə dərk etdiyim, təzə qəbul etdiyim vaxtlar idi. Detalları soruşudular, mən məcbur idim ki, onların suallarına cavab verim. Rədd edirdim bunu. Müəllimə deyirdi ki, biz bu məsələni kökündən həll edəcəyik. Bu iki siyasətçinin debatına bənzəyirdi sanki.
  • Sinif yoldaşlarınızı və müəllimənizi gey olmadığınıza inandıra bildinizmi?
  • Yox, çünki o biri oğlan allaha and içirdi. Soruşmuşdum, “axı əsası yoxdur, bir dənə söz deyib, siz niyə inanırsız buna?!”. Demişdilər ki, o Allaha and içir. Mən də and içirdim, amma bilirdilər ki, mənim dinə inancım yoxdur. Söhbətlər o qədər iyrəncləşmişdi ki, mən özüm də, o oğlan da bezmişdi. Təsəvvür edin, iki həftə dalbadal, hər tarix dərsində, dərsdən əvvəl, dərsdən sonra  ancaq bu məsələ müzakirə olunurdu. O olan şeyi doğrudan desə də, axırda dedi ki, yalan danışmışam, mən ona əsəbiləşmişdim, özümdən çıxartmışdım. Amma mənim o zamanlarda yaşadığım travma hər şeyə bəs etdi. Bütün o məsələni tarix müəlliməmiz o səviyyəyə gətirmişdi, bütün sinfi manipulyasiya edirdi.  

Həmin günlərdə məktəbimizin zavucu  məktəbin həyətində məni saxladı, dedi ki, “mən sənə inanıram. Kişi kimi dik dur, onlara denən ki, mən belə deyiləm, biz sənin məktəb olaraq arxandayiq”. Mən də çox təşəkkür etmişdim.

  • Anınızın homoseksuallara münasibətinin isti olduğunu vurğuladınız, ailənizlə bölüşmüsünüzmü?
  • Mən fikirləşirəm ki, anam bilir. Nə mən ona nəsə demişəm, nə də o mənə. Amma evimizdə son vaxlar tez-tez bu söhbətlər düşür. Məsələn o gün söhbət əsanasında anama danışdım ki, iki nəfər xarici qız tanıyıram, bir-birlərini sevirlər. Anam da bunun necə olduğunu, necə sevdiklərini soruşmuşdu, mən də izah etmişdim. Normal reaksiya vermişdi. Amma iki kişinin sevgili olduğunu desəm buna necə baxar, bilmirəm.  Ya kişilərdən birinin yerinə mən olsam, bunu şəxsi kontekstdə necə qəbul edər?! Biz anamla birlikdə yaşayırıq, belə bir şeyi qəbul etməsə, evdə necə situasiya yaranar, onu da bilmirəm. Amma təbii ki, bir gün yəqin ya özü tam başa düşər, ya da mən ona açıqlayaram.
  • Hal-hazırda universitetdə təhsil alırsınız, orda mühit necədir?
  • Heç kimə bu barədə deməmişəm, amma artiq iki ildir ki, facebookda, mənim profilimdə “özünlə qürur duy” çərçivəsi var.  O çərçivəni hamı görüb, dostlarım da, qohumlarım da, atam da, anam da. Bir dəfə univeristetdən 2 qız gəlib soruşmuşdu ki, sən geysən? Mən də demişdim, “bunun sizə nə dəxlisi var?”. Bir dəfə də belə bir şey olmuşdu, çantamın üzərində lgbt bayraqları olan sancaqlar asmışdım. O çantamı rayona gedəndə də aparırdım, universitə də, səyahətə də. Sancaqları görüb, sual verənlər çox olurdu. Bir oğlan soruşmuşdu ki, “dəstəksənmi?”. Mən də demişdim, hə. Sonra daha dərinə gedib söhbət əsnasında soruşmuşdu ki, “bəs sənin özünün də meyli var?”. Demişdim ki, var, çünki onda heç kim  bizə qulaq asmırdı, və mən bunu rahat etiraf edə bildim. Heç yaxın dostluğumuz da yox idi onunla, aramızdakı əlaqəyə təsir də etməmişdi.
  • Yəqin ki, yanınızda tez-tez icmaya qarşı nifrət nitqləri səsləndirilir, o zaman necə hiss edirsiniz?
  • Əlbəttə, lap tez-tez. Baxır ki, mən hardayam, kimlərləyəm, hansı işlə məşğulam. Mən bir işdə təcrübə keçirdim, orda tez-tez eşidirdim. Orda cavab verməməyə çalışırdım. Universitetdə tez-tez eşidirəm. Bir dəfə qrup yoldaşım oğlan tamam fərqli mövzu ilə bağlı düzgün olmayan şeylər danışırdı, mən soruşdum, “mənbən hardandır, gedim, mən də oxuyum?!”. O isə əsəbləşdi və soruşdu ki, “bəs LGBTQİ-nin mənbəyi hardadır?!”. Mən bilmirəm, o mənəmi işarə edirdi, çantamdakı sancağamı, profil şəkliməmi?! Amma nəyəsə işarə edirdi. Bir dəfə də universitetdə müəlliməmiz dərsdə bizə danışırdı ki, “mən çox kosmopolitəm, açıqfikirliyəm, siz də belə olun”. O həm də Amerikada yaşamışdı. Sonra dedi ki, Amerika cəmiyyətində iki kişi bir-biri ilə sevgili olur, evlənir, mən onu bəyənmirəm. Yanımda oturan qrup yoldaşım da demişdi ki, niyə coşmursan?! Mən çox təəccüblənmişdim ki, o mənə niyə bu sualı verir. Mən nə vaxt buna görə coşub kimləsə dava etmişdim ki. Evdə olanda, bibim nəsə deyəndə, ona heç nə demirəm, çünki öyrənmişəm ki, o öz yolunu seçib. Amma anam nəsə desə, ona deyərəm ki, bu elə deyil, belədir. Anam buna isti yanaşır. İnternetdə homofobik nitqlər görəndə, dözə bilmirəm, dərhal həmin adamları facebook hesabımda bloka atıram ki, onların fikirləri bir də qabağıma çıxmasın.
  • Bəzən insanlar yanımda nəsə danışanda, deyirəm məncə bu belədir, bəlkə siz də belə düşünmək istəyərsiz, amma bunu sakit tərzdə deyirəm, heç vaxt dava etmirəm. Başqaları ilə səsimi qaldırıb dava etməyi özümə sığışdırmıram. Ona görə çalışıram ki, LGBT mövzsunu söhbətlərimdən kənarda tutub, bu mövzuya da toxunulanda sivil qaydada fikrimi bildirim. Mənim elə də dostlarım var ki, mənim orientasiyam barədə bilirlər, biz çox yaxşı vaxt keçiririk, amma ümumilikdə homoseksuallığa o qədər də müsbət yanaşmırlar.
  • Bizə müsahibə verdiyinizə sizə çox təşəkkür edirik! LGBTQİ+ üzvlərinə nə demək istərdiniz?
  • Mən təşəkkür edirəm. İnsanlar müxtəlif doğulurlar.  Fərqli gender kimlikləriniz, orientasiyanız ola bilər. Mən hamını dəvət edirəm ki, özlərini istədikləri kimi ifadə etsinlər. İfadə edərkən, açıq, dürüst olsunlar, ədalətli olsunlar, sevgi ilə yanaşsınlar. Ancaq sevgidir ki, hər şeyin əsasında durur, hər şeyə şəfa olur. Özümüzü düzgün ifadə etsək,  sevgi və enerji ilə əhatələsək, mən inanıram ki, ətrafımızda olan homofobiya da bizi incidə bilməyəcək. İnsanın özünü ifadə azadlığı var, bunu onun əlindən heç kim ala bilməz.

“Olma, sən xoşbəxt olma, qoy valideynlərin xoşbəxt olsun”.

Müsahibimizin 18 yaşı var. Ölkədəki nüfuzlu universitetlərdən birində təhsil alır, mühəndisdir. Musiqi ilə çox maraqlanır, mahnı yazır və piano dərsləri alır.

“Əslində həmişə bilirdim ki, məndə nəsə fərqli bir şey var. Düşünürdüm ki, yəqin bir mən beləyəm,  bütün dünya fərqlidir. Amma 13-14 yaşına çatanda bilirsən, öyrənirsən, internetdən məlumat tapmaq şansların olur.

 Ondan sonra başa düşdüm ki, bu normal bir şey imiş, və bunun adı var. Mən geyəm”.

Məktəbdə uşaqlar tərəfindən mənə çox təzyiq olunurdu. Mənim fikrimcə, valideynlərin uşaqlarını ərköyün, düzgün böyütməməklərinə görə uşaqlar çox daha qəddar olurlar, yeniyetmələrə və böyüklərə nisbətən. Mənim məktəb vaxtlarım çox böyük depressiya ilə keçib. Özümə həmişə suallar verirdim ki, insanlar niyə bu qədər qəddar olamlıdırlar, niyə görə bu cür şeylər olur. Mən o vaxtlar həmişə evdən çıxanda dua edirdim ki, bu gün heç kim mənə sataşmasın.

  • Məktəbdə sizə olan qısnamalar neçənci sinifdən etibarən başladı?
  • İbtidai sinifdə belə bir şey olduğunu xatırlamıram, 5-6-7-ci siniflərdən etibarən başladı. Kimsə nəsə deyirdi, bütün günüm alt-üst olurdu və günümü o şeyləri düşünürərək keçirirdim.  8-9-cu siniflərdə insanların dediklərini daha az vecimə almağa başladım. Amma nə qədər desəndə ki, vecinə almırsan, yenə fikirləşirsən, insanlar niyə bu qədər qəddar olmalıdırlar. Bunlar da LGBTQ barədə məlumatsız, cahil olmaqdan irəli gəlir, insanlar maraqlanmırlar, ordan burdan eşitdikləri ilə yetinirlər, ittiham edirlər.
  • Bunlara məruz qalmaq səbəbiniz nə idi? Sizin gey olduğunuzu bilərəkdənmi edirdilər, və ya kökündə nə dayanırdı?
  • Yəqin ki, feminen davranışlarım. Nənəm də həmişə feminen davranışlarımı nəzərdə tutaraq deyirdi ki, bu cür hərəkətlər etmə, insanlar adını çıxaracaq. Valideynlərim isə heç vaxt belə şeylər deməzdilər. Amma atam mənə heç nə deməsə də məncə davranışlarımdan hiss edirdi. 9-cu sinifdə oxuyanda o məni psixoloqa apardı. Psixoloq mənə bir neçə sual verdi. Heç vaxt ağlıma gəlməzdi ki, o birdən-birə belə suallar versin. Soruşdu ki, mavilərə necə baxırsan? Mavi də homoseksuallar üçün çox kobud adlandırmadır. Mən onda ingilis dilini bilmirdim, ona düzəliş etdim ki, eşcincəlləri nəzərdə tutursunuz? O da düzəliş etdi ki, bəli. Mən o haqda bildiklərimi danışdım, amma özüm haqda demədim. Heç o da konkret olaraq soruşmadı ki, beləsən ya yox. Psixoloq mənə homoseksuallığın  xəstəlik, homoseksualların isə xəstə olduqlarını dedi. Sonra analiz verməyimi istədi. Analizdən heç nə çıxmadı.  Heç nə çıxa da bilməzdi onsuz.
  • Bu nə analizi idi?
  • Adi qandan alınan analiz idi. Düşünürəm ki, onlar  mənim hormonlarımı yoxlayırdılar. Amma bu hormonlarla bir əlaqəli deyil. Maskulin və ya feminen olmağın daha az və ya daha çox kişi olmaqla əlaqəsi yoxdu. Heteroseksual oğlanda da, homoseksualda da eyni dərəcədə kişi hormonları var. Analiz yaxşı çıxdı və fikirləşdilər ki, mən elə deyiləm. Sonra məktəbdə, hazırlıqda yenə qısnamalar başladı. Hazırlıqlarda oğlanlar tərəfindən dışlanırdım. Amma qızlar daha cana yaxın qəbul edirdilər, daha yaxşı idilər. Onu da qeyd etməliyəm ki, mənə heç bir zaman fiziki təzyiq olmayıb. Ən pis günüm– 9-cu sinifdə oxuyanda hərbi komissarlığa çağırmışdılar. Orda oğlan uşaqları tərəfdən təzyiqə uğramışdım. Onlar hamısı bir yerdə cəm halında durmuşdular, mən isə bir qıraqda tək qalmışdım. İndiyə qədər mənə deyilən heç bir şeyə cavab verməmişəm, həmişə gözardı etmişəm. Hamısının nəzərləri mənə üzərimdə toplanmışdı və durduğum yerdə mənə söz atırdılar. Onda da heç nə deyə bilmədim.  Mənim üçün çox ağır idi, amma  gəlib baş qoşma deyənlər də oldu. Ən pis ilim isə– valideynlərimin öyrənməyi bu yayda oldu. Mən xəstəxanaya getməli idim. Atamın ağlına nə gəldisə, dedi gəlmişkən hərbi psixoloqla da görüşək. Atam onla nə danışmışdısa, mən içəri girən kimi, psixoloq məndən 3-cü cinsiyyət haqqında nə fikirləşdiyimi soruşdu.  Ondan  sonra bildim ki, bütün psixoloqlar mənə eyni sualı verəcəklər.  Mən də bildiklərimi  danışdım. O da mənə bunun xəstəlik olduğunu dedi, mən inkar etdim. İndi deyirəm ki, kaş inkar etməzdim. Etməsəydim, bilməyəcəkdilər. Bilməməklərini daha çox üstün tutardım.
  • Belə düşünməyinizə səbəb nədir?
  • Mən psixoloqun yanından çıxandan sonra o atama deyib ki, “sizin oğlunuz yaxşı yolda deyil, pis yoldadır. Sizə başqa bir psixoloq deyəcəm, onun yanına gedin”. Beləliklə, biz başqa bir psixoloqun yanına getdik. Hər gün fərqli-fərqli psixoloqların qəbulunda olurduq.  Növbəti psixoloq mənə daha səmimi gəldi, ilk mərhələdə o mənə demədi ki, bu xəstəlikdir. Hətta rolumu belə soruşdu. Mən otaqdan çıxdıqdan sonra isə valideynlərimə mənim üçün “etməli olduğum şeylər”in siyahısını deyib. Mən döyüş filmlərinə baxmalıyam, mən rep dinləməliyəm, mən idmana getməliyəm. Bu yay, keçirdiyim o 1 ay həyatım boyunca keçirdiyim ən pis yay idi. Baxmayaraq ki, mən çox yüksək balla universitetə daxil olmuşdum, ailə olaraq, onun sevincini yaşaya bilmədik. Məni idmana getməyə məcbur etdilər. Döyüş filmləri izləməyi məcbur edirdilər ki, baxmırdım, rep dinləməyə məcbur edirdilər ki, dinləmirdim. Sadəcə otağıma girmişdim və o qədər depressiyada idim ki, otaqdan çıxmaq istəmirdim. Bütün günü yatmaq istəyirdim, ağlayırdım. 3-cü gün konsultasiyamızda psixoloqa dedim ki, “mən belə xoşbəxt ola bilmirəm, siz məni sərhədləmisiz, istədiyim şeyləri etməyə qoymursuz”. Mən rəsm çəkməyi çox sevirdim, mən musiqini çox sevirdim, bunları mənə qadağan etmişdilər.
  • Rəsmi və musiqi dinləməyi niyə qadağan etmişdilər sizə?
  • Psixoloq demişdi ki, etməsin, rəsm çəkmək onu daha çox feminen edəcək. Psixoloqa hislərimi bildirdim, dedim ki, ‘’əgər məni oyuncaq kimi istifadə edəcəksinizsə, məni kontrol edəcəksinizsə,  o zaman mənim yaşamağımın nə mənası olacaq? Yaşamağım üçün səbəb yoxdur”. Və dedim ki, “xoşbəxt deyiləm”. O isə mənə dedi ki, “olma, sən xoşbəxt olma”. Mən bir psixoloqun yanına gedirəmsə, bu ondan eşitmək istədiyim ən son şeydir. Dedi ki, qoy sənin valideynlərin xoşbəxt olsun”. Bu onun strategiyası idi, bəlkə də valideynlərimə söz vermişdi ki, sizin oğlunuzu da düzəldəcəm, indiyə qədər mənim yanıma gələn belə adamların hamısı düzəlib. Xoşbəxtlikdən psixoloq tətilə çıxdı.Və yeni bir psixoloqun qəbuluna getdik. Sadəcə 1 seans. Qəbula girən kimi məndən homoseksual olub-olmadığımı soruşdu. Müsbət cavab verdim, o da bunun xəstəlik olduğunu söylədi. İnkar etdim ki, bu xəstəlik deyil. Üzümə xeyli baxdı və dedi ki, yaxşı. Mənə xeyli dərmanlar yazdı. Onun bu qədər sürətli davranışdan atamgil fikirləşdi ki, savadsızdır.

Atam mənə yeni psixoloqlar axtardı, bu dəfə bir dəfə turk psixoloqla qarşılaşdım. Mən çox xoşbəxtəm ki, onunla qarşılaşdım.

  • Yeni psixoloqunuzla görüşünüzdə sizi xoşbəxt edən hansı səbəblər idi?
  • İlk başdan o mənimlə çox səmimi olmuşdu. Məndən soruşmuşdu ki,sən cəmiyyətlə savaşmaq, yoxsa cəmiyyətlə bərabər olmaq istəyirsən? Mən isə cavab vermişdim ki, “əgər buna görə cəmiyyətlə savaşmalıyamsa, buna varam”. O isə demişdi ki, bu sənin xeyrinə olmayacaq və səni hər zaman insanlardan uzaq tutacaq. İnsanlar səni dışlayacaqlar, bu səni xoşbəxt etməyəcək. Psixoloq valideynlərimi mənim düzələcəyimı inandırsa da, o fikirləşirdi ki, ən azından mən hərəkətlərimi kontrol etsəm, onlar düzələcəyimə inanacaqlar, valideynlərim məni rahat buracaxaq. O mənim tərəfimdə idi, istəyirdi ki, onlar məni sıxmasın. Mən digər psixoloqlarımla söhbətlərimizi ona danışırdım, o sadəcə gülürdü və onların savadsız olduğunu deyirdi. Deyirdi ki, mənim yanıma çox uşaqlar gəlir, mən məyus oluram ki, onlar digər psixoloqlarla nələr yaşayırlar. Hər kəsin mental sağlamlığı buna dözə bilməz. Bu intiharlara gətirib çıxara bilər.Nə dərmanların, nə idmana getməyin, nə döyüş filmlərinin, nə repə qulaq asmağın mənim orientasiyamı dəyişə bilməyəcəyini vurğulayırdı. O mənə məsləhət görürdü ki, “sadəcə hərəkətlərini düzəlt” və  başa salırdı ki, “valideynlərini narahat edən şey sənin insanlar tərəfindən dışlanmağımdır”. Onlar istəyir ki, sən hərəkətlərini düzəldəsən, bəlkə o zaman insanlar tərəfindən görünməyəcək bu. Mən də qəbul etdim. Nə qədər qəbul etsən də, sənin bir parçandır bu. Ya feminensən, ya maskulinsən, əl çəkə bilməyəcəyin bir şeydir bu. Bir müddət çalışsam da, alınmadı. Psixoloq da onları uyarmışdı ki, uşağınızın istədiklərini etməyinə icazə verin, həyatdan bezdirməyin. Ondan sonra evdə hər şey düzəlməyə başladı, valideynlərimlə daha yaxşı olduq.
  • Valideynlərinizi rahatladan şey sizin “düzəlməyinizə” inanmaqları idi?
  • Anam hər gün ağlayırdı, atam çox ciddi insan olsa da hiss edirdim ki, o da ağlayır. Biz atamla çox yaxın deyildik, amma o mənlə danışmağa, məsləhət verməyə çalışırdı. Atam mənə demişdi ki, ”mən qocalanda və ya mənə nəsə olsa anan və bacın necə olar? Onları qoruyan olmayacaq ya onlar çöldə qalacaq”. Elə bilirdi ki, mən geyəmsə, onlara baxa bilməyəcəm. Psixoloq o qədər savadlı və yaxşı insan idi ki, onları inandırmışdı ki, gələcəyim yaxşı olacaq. Psixoloq ailəmi buna inandırdığına görə onlar rahatlamışdılar. Çünki atam mənə demişdi ki, sən də düzələssən, bizim kimi olassan. Atam bu barədə çox savadsızdır, ona görə belə qarşıdır. Axırıncı dəfə atam soruşdu ki, nəsə dəyişiklik hiss edirsən? Dedim, hə, çox. Amma bunu o qədər saxta dedim ki. Mən istəmirdim o pis olsun, ona görə belə dedim. Mənə önəmli olan valideynlərimin məyus olmamasıdır. Mən istəyirəm ki, onlar düşünməsin ki, mənim yaxşı gələcəyim olmayacaq. Hal-hazırda normal həyatımıza davam edirik.
  • Bəs ananızın bu barədə düşüncələri nələrdir? Digər ailə üzvlərinizə də açılmısınızmı?
  • Məncə anam əvvəldən bilirdi, analar həmişə hiss edir. Anama “benim çoçuğum” adlı sənədli film izlətdirmişdim. Hansı ki, valideynlər öz homoseksual uşaqları barədə danışırlar. Və türk psixoloqların müsahibələrini göstərmişdim. İstəyirdim ki, o hisslərimi başa düşə bilsin. Bacım heç vaxt qarşı olmayıb. Əmimgil və ailəsi də bilir. Əmim uşaqları çox dəstək olurlar, hər zaman yanımda olacaqlarını, dəstək olacaqlarını bildiriblər. Deyiblər ki, “səni olduğun kimi sevirik, feminensə, feminen olaraq qal, maskulin olmağına ehtiyac yoxdur, bunun tərəfdarı deyilik”. O cümlə məni qarışıqlıqda motivasiya etmişdir. Əmim qızı bu haqda anasıyla danışmışdı ki, anamla danışsın, onu rahatlatsın. Əmimin yoldaşı da anama deyirdi ki, mənim övladım gey olsa, qarşı olmaram, dəstək olaram ona. Bircə nənəm bilmir.                  
  • Çox yaxşı universitetlərdən birində təhsil alırsınız. Universitetdə hər hansı qısnama mühiti varmı?
  • Əlbəttə, var. Universitetdə hiss etmişəm çox gey var, amma fikirləşirəm daha tərz geyindiyimə və feminen davranışlarıma görə diqqət daha çox üzərimdədir. Universitetdə dərslərimlə bağlı tez-tez layihələr edirəm, məni incitmək üçün daha yuxarı kurslardan lağ edənlər də çox olur. Bir dəfə universitetdəki uşaqlardan biri  mənə yazmışdı ki, “salam gey”, və rusca çox kobud bir ifadə işlətmişdi. Mən ona onun kimi söyüşlə bir şey yazmadım, amma utandıracaq, uzun bir yazı yazdım. Onun isə qəribə şəkildə mənə münasibəti dəyişdi “sən incindin? Fikirləşmirsən ki, biz belə bir ölkədə yaşayırıq, insanların həmişə diqqət mərkəzində olassan, həmişə lağ edəcəklər. Ona görə sənə məsləhət görürəm ki, gözardı et”. Mən normalda onsuz da belə edirəm. Amma,  öncə o mesajı yazıb, sonra məsləhət verməyi mənə çox qəribə gəlmişdi. İnsanın gey, lezbiyan, transgender olmağı onun şəxsiyyətini bildirmir. Qrup yoldaşlarım deyirdi ki, biz elə bilirdik sənlə dost ola bilmərik. Amma indi yaxşı münasibətlərimiz var. İnsanı tanımırsansa, onu gey olduğuna görə dışlaya bilməzsən. Televizorda gördükləri, valideynlərinin danışdıqları, ətrafda eşitdikləri yalnışlar onlarda elə fikir yaradır ki, bu pisdir.
  • Feminen davranışlarınızdan dolayı hər zaman təzyiqlərə məruz qaldığınızı bildirirsiniz. Bunun dostluq münasibətlərinizə də təsiri olurmu?
  • Bəli, təsir edir. Bir heteroseksual oğlanla nisbətdə daha az dostlarım var. Bəzi adamlar görürlər ki, onların mənlə dostluqları digər oğlan dostları tərəfindən yaxşı qarşılanmaya bilər, dostlarına görə etmirlər bunu. Bir az feminen oğlanların oğlanlarla dostluq qurmaqları çətin olur. Qızlarla münasibətlərim daha yaxşıdır, məni daha canayaxın hiss edirlər.
  • Sizcə cəmiyyətdə homoseksuallara qarşı qaynaqlanan mənfi münasibətin səbəbləri nələrdir?
  • İnsanlar araşdırıb öyrənməyə maraqlı deyillər. Bilmədən təhqir etməyi daha çox üstün tuturlar. 20 il əvvələ baxsaq, indi dünyada vəziyyət daha yaxşıdır. Bəlkə növbəti 30-40 ildə problemlər aradan qaldırılacaq. Xarici ölkələrdə televiziyalarda göstərilsə də, bizdə- müsəlman ölkələrində göstərilmir. Filmlərdə, seriallarda homoseksual cütlüklər nümayiş olunsa, ən azında bu barədə məlumatları olar. Səhər proqramlarında psixoloqlar çağırıla bilərlər. İnsanlar bu barədə oxumalıdırlar, eşitməlidirlər, görməlidirlər ki, bunu adi qəbul edə bilsinlər. Mən bir dəfə Azərbaycan kanalında izləyirdim, həkim hormonlardan danışarkən “Konçitanı misal gətirdi, dedi ki, iraq olsun bizim oğlanlardan” və şərhinə davam etdi. İnsanlar həkimlərə güvənirlər, onların belə şərhlərinin adamlarda xoş olmayan nəticələri qala bilər. Televiziyalara çıxarılan adamlara da fikir vermək lazımdır.Bu o qədər ciddi problemdir ki. Mənim türk psixoloqum demişdi ki, mən məktəblərə gedirəm və bu haqda danışıram. Bilirəm ki, çoxlu belə uşaqlar var. Valideynlər həssas olmalıdırlar, oxuyub araşdırmalıdırlar.  Məni qısnayırdılar, mən gözardı etdim, keçdi. Amma çox həssas insanlar var ki, onlar bunun nəticəsində intihar edər.
  • İnsanlar sosial şəbəkələrdə daha çox vaxt keçirirlər və LGBTQİ ilə bağlı daha çox məlumatlar paylaşılır. Sosial şəbəkələrdəki fəalliyyətin effektli olduğunu düşünürsünüzmü?
  • Məşhur olan səhifələr homoseksuallıqla bağlı məlumat paylaşırlar, amma elə bir başlıq yazırlar ki, təbii ki, insanlar təhqir yazacaqlar. LGBT ilə bağlı səhifələr açılır, məlumatlar paylaşılır, onlar daha yaxşıdır. Düzgün təqdimetmə olmalıdır.
  • Gələcəklə bağlı planlarınız nədir?
  • Kanadada insanların səmimi, dostcasına davrandığını eşitmişəm. Mən Kanadada ixtisasım üzrə daha yaxşı təhsil ala bilərəm. Istəyərəm ki, orda magistr təhsili alım  və xoşuma gələrsə, orada yaşayım. Mən öz ixtisasımdan əlavə musiqi ilə çox maraqlanıram, mahnı yazıram və piano dərsləri alıram. Gələcəkdə öz ixtisasımla yanaşı musiqini davam etdirmək düşüncəsindəyəm. Kim bilər, bəlkə birgün böyük səhnələrə çıxmaq şansım olar.
  • Sizi görəndə səhnə üçün yaradıldığınızı demək olar, ümid edirəm ki, bir gün arzularınız reallaşar. Sizinlə eyni problemləri yaşayan LGBTQ icmasına nə demək istəyərdiniz?
  • Təşəkkürlər! Demək istərdim ki, özünüzə güvənin. Ətrafınızdakı təzyiqləri görməzdən gəlin, bir müddət sonra bu bitəcək. Xəyallarınıza fokuslanın və arzularınızın arxasınca gedin. Çox çalışın. Əmin olun əgər vaz keçməsəniz istədiyiniz hər şeyi etməyi bacararsınız. Əgər xəyallarınız varsa, onlar üçün döyüşün. Çünki onlar sahib olduğunuz ən saf şeylərdir. Nə qədər imtina olunsanız da, yox sayılsanız da, kiçik düşürülsəniz də, yıxılsanız da həmişə ayağa qalxın,  güclü olun və davam edin. Bir gün yalnız hiss etsəniz, xatırlayın ki, siz tək deyilsiniz və dışarıda sizin kimi milyonlarla insan var. Bu həyat sizin həyatınızdır və siz heç kimin oyuncağı deyilsiniz. Və qərar vermək haqqı sizdədir.
  • Bizə zaman ayırdığınız və hekayənizi bölüşdüyünüz üçün təşəkkürlər!
  • Təşəkkürlər!

Mən də evdə, atamın yanında özümü Koroğlu kimi aparıram.

Müsahibimizin 20 yaşı var, 3-cü kurs tələbəsidir. Təhsil aldığı sahəni sevmir, gələcəkdə xarici ölkələrdən birində  təhsilini davam etdirmək istəyir. Əyləncəni sevir. Sosial aktivdir, bir çox təşkilatların üzvüdür.

17 yaşımda gey olduğumu anama etiraf etdim və ağladım. O, bunu çox normal qəbul etdi. Dedi ki, yeniyetməlik dövrüdür, bəlkə səndəki davranış pozuntusudur, bəlkə şəxsiyyət pozuntusudur. Ola bilər qarmaqarışıqlıq içindəsən, fikirlərin qarışıb.  Və məni psixoloq yanına yönləndirdi.

  • Psixoloqla seanslarınız necə keçdi?
  • Psixoloqa 5-6 seans getdim. O mənə başa saldı ki, ola bilər ki,  məndə homoseksuallığın yaranmasına güclü təkan verən amillər olub. Romantik cinsi istəylərin formalaşdığı dövrdə ata modelindəki əksikliklər, ailədaxili münaqişələr və genetik faktorlar. Formalaşma dövründə bunlar üst-üstə düşüb. O məni başqa bir psixoterapevt və sekspatoloqun yanına yönləndirdi, dedi ki, o sənlə daha detallı məşğul olacaq.
  • Və digər psixoterapevtin yanına getdiniz.
  • Bəli. O mənə ilk başdan əminlik verdi, dedi ki, mənim çoxlu homoseksual pasientlərim olub, onlar özlərini qəbul etməkdə çətinlik çəkiblər, psixoloji sarsıntılar keçirənlər olub. Sonra isə mənə izah etdi ki, homoseksuallığın yaranmasında 4 amil iştirak edir,  genetika, tərbiyə, din və ətraf mühit. Və 4 amilin təsiri ilə cinsi orientasiyaların necə yaranmasını başa saldı.  Dedi ki, insanlar biseksual kimi doğulur, heç kim doğulanda homoseksual və ya heteroseksual olduğunu seçmir. Sonradan 4 amilin təsiri ilə ya homoseksual, ya heteroseksual olurlar və ya biseksual qalırlar. Məndən beynimdə hər hansı qadın modeli olduğunu, qadınlara qarşı hər hansı romantik cinsi hislər keçirdiyimi öyrənirdi, o bilmək istəyirdi ki, qadınlara qarşı meylim nə dərəcədədir. Nəticə olaraq, o mənə dedi ki, necə istəyirsən, elə də davam et həyatına. Bu sənin həyatındır, heç kəs sənin həyatına qarışa bilməz, səni sən kimi qəbul edənlərin yanında olmasına icazə ver. Səni başqa birinin cildinə salmaq istəyən, səni dəyişdirmək, səni qəliblərə salmaq istəyən insanlardan uzaq dur. Onlar səni yaralayacaqlar, incidəcəklər, buna icazə vermə. Ətrafda, hansı məkanda, hansı insanların yanında hansı hərəkətləri etdiyinə fikir ver. Kimlərin sənin haqqında bu məlumatları bilməsi sənin üçün mənfi ya müsbət olar, bunları müəyyənləşdir. Sən Azərbaycanda yaşayırsan və hər zaman hər şeyə hazırlıqlı olmalısan.
  • Psixoterapevtin məsləhətləri gələcək münasibətlərinizdə kömək etdimi?
  • Cinsi kimliyimi qəbul etməyim zaman almadı. Amma özüm qəbul edirəmsə də ətrafımdakı insanlar bunu qəbul edə bilmir. Psixoterapevtin dediyi kimi, harda özümü necə aparacağıma fikir verirəm. Nə olsun mən özümü qəbullanmışam, ətrafdakılar bunu qəbul etmir. Bəzi dostlarımın yanında feminenəm, bəzi dostlarımın yanında maskulinəm, dəyişirəm. Feminenlikdən daha çox zövq alıramsa da, məcburam ki, bəzi məkanlarda, bəzi yerlərdə, insanların yanında maskulin davranam. Bu həm karyeram, həm də gələcək həyatım üçün vacibdir. Amma önyarğısız dostlarımın yanında özüm kimi davrana bilirəm. Bəzən dostlarım sual verirlər ki, sən niyə homoseksualsan, niyə dəyişmək istəmirsən, gələcəkdə dəyişməyi düşünmürsənmi, “bu yol”un daşını atassanmı? Mən onlara izah edirəm ki, siz qadınlara qarşı hansı hansı hisləri keçirirsinizsə, mən də eynisini kişilərə qarşı hiss edirəm. Mən özüm üçün mənfi bir şey görmürəm, nə sağlamlığım, nə də başqa bir şey üçün. Bəlkə bir az feminen davranışlarım var, amma onları da tənzimləyirəm. Mən niyə dəyişim ki. Amma əlimdə dəyişmək şansı olsa da, dəyişmərəm. Cəmiyyətdə mental problemlər var. Bəzən ətrafımda homoseksual adamlar olur, deyir, mən niyə belə doğulmuşam, mən xəstəyəm. Mən bu zaman çox hirslənirəm. Onlara deyirəm ki, bu xəstəlik deyil, heç bir yerdə göstərilməyib ki, sən oğlanlardan, ya qızlardan xoşlanmalısan.  İnsanın özünün özü haqda bu fikri formalaşdırması düzgün deyil. 
  • Cinsi orientasiyanızın fərqli olduğunu nə zaman hiss etdiniz?
  • Təxəyyüllərimə görə, 8-9 yaşımdan məndə oğlanlara qarşı romantik hislər var. Qonşumuz oğlan varıydı, biz onunla həmişə birlikdə oynayardıq. Oyuncaqlardan əlavə, bədən üzvlərimizdən də oyuncaq kimi istifadə edirdik. Biz bu oyunların mənasını bilmirdik, amma bundan həzz alırdıq. 14-15 yaşında əmin idim ki, oğlanlara qarşı romantik və cinsi istəyim var. Sosial şəbəkələrdə qadın profilləri ilə oğlanlarla danışırdım. Bu mənə virtual zövq verirdi. 17 yaşıma qədər qısamüddətli münasibətlər olurdu və başa düşdüm ki, geyəm.
  • Vurğuladınız ki, dostlarınızın yanında dəyişirsiniz, bəzən feminen, bəzən maskulin davranırsız. Etiraf etdiyiniz dostlarınızın önyarğısız olacağını necə müəyyən etdiniz?
  • Əvvəldən dostlarımı seçdim, stiqmalar buraxaraq analiz etdim, kimin münasibəti normal olacaqdı, onlara demişəm. Universitetdə bir qız dostum var, ona demişəm. Geyim tərzimdən, davranışlarımdan sezənlər, şübhələnənlər olur. Oğlanların heç biri ilə yaxın münasibətim yoxdur. Onlar özlərini sərhədləyirlər, hansı ki, bu  cəmiyyətin yaratdığı önyarğının nəticəsidir. Onların ağlından keçənlərin nə olduğunu bilmirəm. Bəlkə düşünürlər ki, bizi də onun yanında görsələr elə biləcəklər “onlardanıq”, ya bizi də “o yol”a aparacaq. Belə sterotiplər var. Onlar hələ o qədər məlumatlı deyillər, görsünlər ki, bu yoluxucu deyil, əksinə bu insanların güclü dostluq bacarıqları olur, çox yaxşı dinləyirlər, çox yaxşı sirdaş olurlar.
  • Sizcə cəmiyyətdə homoseksuallara qarşı ən böyük sterotiplər hansılardır?
  • Deyirlər ki, “homoseksuallar özləri bu yolu seçirlər”. Mənə elə gəlir ki, ən böyük sterotip budur. Homoseksual niyə bu yolu seçsin axı. Ümumiyyətlə homoseksualın qabağına şans qoyulmur ki, sən gəl hetero-nu, homo-nu, bi-ni seç, hansını istəyirsən, səni ondan edək. Bu şans heç kəsə verilmir, bu seçim deyil. Mənim dostlarım da deyir ki, çəkil bu yoldan. “Istənilən adamı homoseksuallığa çəkmək olar”, bu da əslində bir sterotipdir. Əgər adamın daxilində kişilərə qarşı heç bir romatik, cinsi istək yoxdursa, belə bir hissi oyatmaq olmaz. Homoseksualların hamısı əxlaqsızdır, hamısı seks işçisidir, onlar uşaqların tərbiyələrini pozurlar”, halbuki heç də belə deyil. Heç də homoseksuallar əxlaqsızlığı təbliğ etmirlər, necə heteroseksuallardan var, eləcə də homoseksuallardan seks işçiləri var. Seks işçiliyinin genderi, cinsi orientasiyası olmur. Bütün homoseksualların seks işçiliyi ilə məşğul olduğunu demək də bir sterotipdir. Və yaxud, “geylərin hamısı qız kimi olur”, bu təsdiqini tapmamış şeydir. Geylərin feminen olanı da var, maskulin olanı da var, heç birinə aid olmayanı da var. Bu tamamilə insandan asılı bir şeydir. Hər şeyi bu qədər qəlibləşdirmək olmaz.
  • Gey olduğunuza görə hər hansı qısnama ilə qarşılaşmısınızmı?
  • Əlbəttə ki, qarşılaşmışam. Yaxın dostlarımdan da olub, məni incitmək üçün nifrət nitqindən istifadə edib. Real və virtual olaraq, təhqir edənlər olub. Mən bunu onların öz şəxsiyyətlərinə buraxıram, deməli problem onların tərbiyəsindədir. 2 dəfə eyni şey baş verib, facebookda tanış olmuşuq, görüşə getmişəm, məni orientasiyamla təhdid ediblər ki, bizə pul verməlisən, pul gətirməlisən. 2 məktəb dəyişmişəm, 8-ci sinifdə məktəbdə bir oğlandan xoşum gəlirdi, facebook  səhifəsini tapıb yazmışdım. Bir dəfə də adını əlimə yazım məktəbə getmişdim, ondan sonra məktəbdə mənə qarşı münasibət dəyişmişdi. Məcbur olub məktəbimi dəyişmişdim. Mən insanların belə münasibətini gördükcə o qədər güclənmişəm, indi belə şeylər məni incidə bilməz.
  • Gələcək üçün planlarınız nələrdir?
  • Oxumaq üçün başqa ölkəyə getmək istəyirəm. Təhsil aldığım ölkədə iş qurub, elə orda da yaşayıb vətəndaşlığını almaq istəyirəm.  Bura qayıtmaq üçün tək səbəbim ailəm, yaxınlarım ola bilər. Xarici mühit məni daha çox cəlb edir deyə getmək istəyirəm, ölkədə qalmaqla bağlı problemim yoxdur.
  • Necə düşünürsünüz, insanların LGBTQİ+ haqqında maariflənməsi üçün hansı addımlar atılmalıdır?
  • Yanlış siyasətdən, mental dəyərlərdən qaynaqlanan şeylər var. LGBTQI fərdlərinin çəkdiyi əziyyətləri göstərirsən, intiharları göstərirsən, deyirlər, “yox, onlar öləcəklər, o biri dünyada yanacaqlar”. Necə izah etməyə çalışasan ki, onlar da sizin kimi insanlardır, necə yanacaqlar?! Bəlkə struktural  addımlar atılsa, insanların düşüncə tərzi dəyişər. İslahatlar aparılsa ki,  homoseksuallara qarşı filan davranışları nümayiş etdirmək olmaz, nifrət nitqi olmaz, ayrı-seçkilik olmaz, filan qədər cərimədir. İnsanlar görsələr ki, bunlar detallı şəkildə qanunvericilikdə göstərilib, çəkinərlər. Məşhurlardan, tanınmışlardan, dövlətdən kiçik bir addım gəlsə, insanlar da bunda maraqlı olar, bəlkə bir fikirləşərlər ki, bu nədir. Bu insanların yaşam tərzi necədir. Bəlkə nə vaxtsa bu insanlara qarşı səhv etmişəm,  bəlkə mənim də ətrafımda belə insanlar var. Həm deyirik tolerant ölkəyik, həm homoseksuallara qarşı ayrı-seçkilik edilir. Ən kökdə yatan səbəb maarifsizlikdir.
  • Sizi ən çox incidən, maarifsizlikdən doğan problemlər hansılardır?
  • Fərqli insanlar yalnızlığa düçar olur. Mənim ətrafımda da məni qəbul edən insanlar azlıq təşkil etdiyi üçün yalnızlıq və tənhalıq hiss edirəm.  Partnyor tapmaq məsələsində də problemlər böyükdür. Homoseksuallar rəngli insanlardır, tez-tez partnyor dəyişməyi sevirlər. Universitetdə,  insanların reaksiyasında problemlər  var. Orientasiyan bəlli olsa,  işə qəbulda seçilmə şansı aşağıdır. Geyim tərzinə yanaşmada problemlər var,  istədiyimiz kimi geyinə bilmirik. Daima özümüzü, hərəkətlərimizi, davranışlarımızı tənzimləmək məcburiyyətindəyik. Ailə üzvlərimizdən, yaxınlarımızdan bunu gizlətməyimiz. Atam çox mental, qəlibləşmiş bir adamdır. Təsəvvüründə bir azərbaycan kişisi, Koroğlu modeli var, başqa bir modeli beynində formalaşdıra bilməz. Kişi belə geyinməz, kişi belə düşünməz, kişi bu reaksiyanı verməz. Mən də onun yanıda özümü Koroğlu kimi, maskulin aparıram.
  • LGBT fərdlərinə nə demək istərdiniz?
  • Siz cəmiyyət üçün dəyərlisiz.  Hər bir fərd cəmiyyət üçün dəyərlidir, amma siz daha dəyərlisiniz. LGBT  fərdlərinin barındırdığı sevgi cəmiyyətin hal-hazırda ehtiyacı olduğu dərmanlardır. LGBT sevgi barındırır,  hörmət barındırır, LGBT rəngləri barındırır. Onlara deyirəm ki, öz dəyərinizi bilin. Yaxşı ki, varsız.
  • Təşəkkür edirik!
  • Təşəkkürlər!

Beyin gücümlə menstruasiyamı saxlamışam.

Müsahibimizin 24 yaşı var, transgenderdir. Qrafik dizayner kimi işləyir. 9-cu sinifdən biolji olaraq qız olduğuna görə ailəsi tərəfindən məktəbdən çıxarılıb, onların məcburiyyəti ilə hicab geyinib. Ən böyük arzuları təhsilini davam etdirə bilmək, xarici ölkələrdən birində cinsini dəyişmək və sevgilisi ilə evlənməkdir.

Uşaqlıqdan bilirdim ki, fərqliyəm, 15 yaşıma qədər qız və oğlan dostum olmayıb. Nə oğlanlar məni qəbul edirdi, nə də qızlar mənlə oynayırdı. Futbol oynayanda oğlanlar deyirdilər ki, “sən get, bizdən deyilsən”. Cins anlayışım formalaşana qədər başa düşmürdüm ki, oğlanlar məni niyə qəbul etmir, mən axı onlardan idim. 1-ci sinifdə 1 qız sevgilim olmuşdu, indi başa düşürəm ki, mən onu sevirmişəm. O vaxtlar düşünürdüm ki, mənim dostum yoxdur, mən onunla dost olmaq istəyirəm. Bütün dərs ona baxırdım, evlərinə qədər ötürməyə çalışırdım. Kimsə onlunla dostluq edəndə qısqanclıq hissim yaranırdı. Bütün uşaqlığım elə keçib. Məhlədəki uşaqlarla futbol oynayırdım, gəlib evdə döyülürdüm ki, “niyə oğlanlarla oynayıram”, sonra gedib başqa məhlədəkilərlə oynayırdım. Oğlanlar mənə qız kimi baxırdılar deyə, top uzağa gedəndə dədalınca məni göndərirdilər.

9-cu sinifdə başımı bağladılar, məktəbdən çıxarıb kollecə göndərdilər.

• Ziddiyətli uşaqlıq dövrləriniz olub, qatı dindar ailədə böyümüsünüz, fərqli cinsi kimliyiniz olduğunu hiss etmisiniz. Bütün bu dövr sizin üçün necə keçib?

• 9-cu sinifdə ailəm tərəfindən məktəbdən çıxarılmışam ki, qız uşağısan, “hazırlığa gedərsən, amma pulumuz sonra batar, universitetə girə bilməzsən”. Güvən hisi yox idi. Uşaq vaxtı xəstəlik keçirmişdim, fiziki olaraq zəifləmişdim. Çox özümə qapanıq idim, ailəmi bir növ narahat edirdi ki, passivdir, assosialdır, olmaz, alınmaz, oxumaz. Halbuki dərslərimi çox yaxşı oxuyurdum. Otaqdan günlərlə elə vaxt olurdu ki, çıxmırdım, səbəbini də başa düşmürdüm ki, niyə çıxmıram, niyə həyətə düşmək istəmirəm. 9-cu sinifdə başımı bağladılar, məktəbdən çıxarıb kollecə göndərdilər. Etiraz edə bilmədim, ya bağlayacaqan, ya bağlayacaqsan. Elə bir zorla da başıma keçirməyiblər, amma elə şərait yaradıblar ki, mənim başqa variantım olmayıb. Şeytanla qorxudurdular, Allahla qorxudurdular, gələcəklə qorxudurdular. Mən dindar deyildim, amma inanclı idim, namaz qılırdım, içimdə hiss var idi ki, nəsə yaxşı bir şeyə inanıram. Uşaq vaxtı elə bir təəssürat yaranır ki, mama Allaha daha yaxındır. İnanclı bir sistemdə sən Allahdan qabaq birinci anaya tapınırsan, onun dedikləri sənin üçün Allahın dedikləri qədər vacib olur, çünki o həm də şüuraltı yeridilir ki, mən sənə Allahın dediklərini deyirəm. Elə bir açar sözlərdən istifadə edirdilər. Kollecə girdikdən sonra maddi müstəqilliyim yarandı, yavaş-yavaş evdən çıxırdım, şəhəri tanıyırdım, kafelərə gedirdim. Artıq 3 dostum var idi, 3 dostdan biri qız idi və onu sevirdim. Yenə də bunu dost sevgisi olaraq qəbul edirdim. 2015-ci ildə bir işə girdim. Yenilikçi, şəxsi inkişafa yönələn startapın bir parçası idim, həmin dövrlərdə özümü çox inkişaf etdirirdim, sanki həyat məni gətirib ora atmışdı. Özüm kimi insanların əhatəsinə düşmüşdüm, çoxlu oxudum, çoxlu videolara baxdım,  daim özümlə əlləşirdim. O qədər ümidsiz idim ki, kiçik bir dünya yaratmışdım içimdə. Özümü inkişaf etdirirdim, Ürəyimdə xoşbəxt idim, bilirdim, mən kiməm, nəyəm. Amma görünüşümdən razı deyildim, hicablı idim.  Bu mən deyildim. Başıbağlı dövrlərimdə də anam mənə deyirdi ki, oğlan kimi gəzirsən, oğlan kimi davranırsan. Niyə sənin oğlan sevgilin yoxdur, niyə heç kimdən xoşun gəlmir?! Elçilər gəlirdi, oxumaq istəyirəm deyib, min bəhanələrlə geri göndərirdim.  İçimdə bir hiss var idi ki, heç nə bu deyil, başqa bir şey olacaq, yuxularımda belə uçduğumu görürüdüm. Kiçik işıq parıltıları var idi. Həmin dövrdə bir psixoloqla tanış oldum, həyatım dəyişməyə başladı.

• Psixoloqla tanışlığınızın sizin həyatınızı dəyişdiyini vurğuladız, bu necə baş verdi?

• Bəli, bir psxioloqla tanış olmuşdum. Deyirdim ki, mən də sənin konsultasiyanda olmaq istəyirəm. İçimdə heç nəyin dəyişməyəcəyindən əmin idim, amma yaxşı şeylər eşitməyə ehtiyacım var idi, səbr kasam daşırdı. Ilk konsultasiyada soruşdu ki, niyə gəlmisən? Dedim, sərt olmaq istəyirəm. İlk sözüm bu oldu. Dedi, “sərtlik sənin üçün nə deməkdir?”. Cavab verdim ki, “yox” deməkdir. Çünki mən bütün həyatım boyu ailəmin istədiyi kimi yaşamışdım, heç nəyə yox deməmişdim. Deyə bilmirdim, çünki gücüm çatmırdı. Daha sonra corabın söküyü kimi gəldi hər şey, yavaş-yavaş. Psixoloqun gözünün qabağında bir növ özümü açmışam, qabığımdan çıxmışam. Biz inanc məsələsini, ana-atanın insandakı rolunu danışdıq. Bunların hamısını mən özümdə açdım. O qədər özümlə işləyirdim ki, bəzən gün ərzində biz 5 illik işi həll edirdik. Bu mənim çox xoşuma gəlirdi, bəzən pulum çatmırdı, borc alırdım, amma yenə də konsultasiyaya gedirdim, çox işləyirdim, amma gedirdim, piyada yeriyirdim ki, pul yığa biləm. 2017-ci ildə artıq ailəmə yox deyə bildim və başımı açdım.

Güzgülərə nifrət edirdim, çünki baxanda özümü görürdüm.

• Hicabınızı açmağınızı ailəniz necə qəbul etdi?

• Dalaşdıq, iki ay mənimlə danışmadılar, məni qarğışladılar, Allah səni elə edəcək, belə edəcək. Artıq mən görürdüm ki, mən güclü olanda onlar mənə güc gələ bilmirlər. Anam bilirdi ki, mən bunu istəmirəm, mən heç vaxt güzgünün qabağında qala bilmirdim, özümə baxanda ağlayırdım.  Güzgülərə nifrət edirdim, çünki özümü görürdüm. Anam bunu görürdü, neçə dəfə dizini qucaqlamışdım ki, bunu istəmirəm. Sığallayıb-sığallayıb deyirdi ki, narahat olma, bu dünyada ağlyassan, o biri dünyada güləssən. Mən artıq gücümü toplamışdım, kifayət qədər inamlı idim, nə istədiyimi bilirdim. Başımı açdım. İki ay danışmadıq, amma artıq məni düşündürmürdü. Anama dedim ki, 22 ildir ki, səni xoşbəxt etmək üçün yaşayıram, bilmirəm nə qədər ömrüm qalıb, artıq özümü xoşbəxt etmək üçün yaşayacam. Yavaş-yavaş onlar buna öyrəşdi. Psixoloqla sonra qadın-kişi münasibətini danışdıq. Məndə qarışıqlıq vardı, bilmirdim qızlara olan hislərimin adı nədir, oğlanlara olan hislərimin adı nədir, dostluq nədir. Biz hamısını analiz etdik, dostluq nədir,  qızlara olan  ehtiras, cinsi istəki hissi başqadır, oğlanlara olan münasibət, qardaşlıq, özümü onlardan görmək hissi nədir. Psixoloqum dedi ki, sən biseksual ola bilərsən, amma qəbul etmədim. Elə bilirdim ki, xəstəlikdir, özündən çıxmaqdır, anamın dedikləri yadıma düşürdü ki, şeytanın yoluna düşməkdir. Mən internetdə çoxlu araşdırma etdim, qəbul etdim ki, mənim tək oğlanlara yox, qızlara da marağım var. Əslində oğlanlara heç vaxt marağım olmayıb. İndi başa düşürəm ki, hansısa oğlandan da xoşum gəlibsə, onun yerində olmaq istəmişəm, onun geyiminə, yerişinə, duruşuna, saqqalına həsəd aparmışam. Çoxlu araşdırırdım, başa düşürdüm ki, biseksual deyiləm, çünki xüsusilə də qız bədənində oğlanlardan daha çox xoşlanmalı idim. Sonra lezbiyan olduğumu düşündüm. Yaxın dostlarıma bu barədə dedim, onlar o qədər dünyagörüşlü və yaxı insanlar idilər ki, məni danışdıqca, fikirlərimi dəyişdikcə, onlar bunu normal qəbul edirdilər, deyirdilər ki, sən prosesdəsən. Başqa çox şeylər kəşf edəssən, bəlkə heteroseksuallığa qayıdassan, amma bütün bunları yaşa. 

Saçımın kəsilməsi dönüş nöqtəsi oldu.

• Lezbiyan olduğunuzu düşündüyünüz dövr necə keçdi?

• Lezbiyan olduğum dövrlərdə geyim tərzim oğlan kimi idi, amma üzümdə makyaj vardı. Üz cizgilərim qız cizgilərinə oxşayırdı. Saçım bu qədər qısa deyildi. Psixoloqla o qədər konsultasiya keçmişdim ki, artıq özümə suallar verməyi öyrənmişdim. Müşahidə edirdim ki, kiminsə mənə xanım deməyi acığıma gəlir. Mən çox danışmaq istəmirdim, çünki səs tonum acığıma gəlirdi. Səs yazılarında səsimə qulaq asmaq, videolara baxmaq istəmirdim. Səsim qız səsi kimi  gəlirdi, amma mən içimdə bilirdim ki, səsim qalındı. Makyaj etmək acığıma gəlirdi, artıq makyaj etməməyə başladım. Geyimlərimi, alt paltarlarıma qədər oğlan paltarları etdim. Saçlarımı oğlan kimi, keçəl kəsdirdim. Evə gəldim, dava-qırğın oldu, dedilər ki, sən bu saçla küçəyə çıxa bilməzsən, əl qaldırmağa çalışdılar. Qapını üzümə bağladılar, Dedilər, saçın uzanmamış çolə çıxmayacaqsan. Mən istəmirdim ki,  o qapi mənim üzümə bağlansın. Mən həmin gecə evdən qaçdım, dostumgildə qaldım. Əslində xaricə gedib, orda yaşamağı planlayırdım. Mən bilirdim ki, əvvəl-axır münasibətlərimlə valideynlərimə tutulacam, oğlanla evlənməyəcəm, burda gələcəyim yoxdur. Elə oldu ki, müdirim məni saxladı. Dedi ki, “getmə, burda həll et, getsən xoşbəxt olmayassan, yarımçıq olassan, sən öz məsələni burda həll edib getməlisən”. Dedi, özümü toparlayana qədər işdə, onlarda qala bilərəm. Niyəsə mən ona inandım və qaldım. 1 ay onlar məni axtardılar, bir aydan sonra şərait yaratdım ki, yerimi bilsinlər. Biz görüşdük və mən ailəmə bildirdim ki, bir daha o evə qayıtmayacam, sizinlə yaşamayacam. Onlar razı oldular. Ailədən tək qaldığım müddətdə kim olduğumu düşünməyə vaxtım oldu. Mən oğlanmıyam, qızmıyam, niyə beləyəm, özümü başa düşmürəm.  Bəlkə xaricdə başa düşərəm, bəlkə burda mənim kimi insanlar yoxdur. İnternet hər şeydə o qədər kömək olur ki, adama. Həmin vaxt bir qız sevgilim olmuşdu, mən ona deyirdim ki, mənə qız kimi baxma, mən istəmirəm, sən məni qız kimi görəsən. O deyirdi ki, mənim transgender dostlarım da var. Elə bilirdim ki, transgenderlər iki cinsiyyətlə doğulurlar. Qəbul etdim nəhayət ki. Oxudum, mən kiməm, mən nəyəm, mən özümü tapdım. Başa düşdüm ki, keçdiyim yolların boş yerləri niyə belə olub. 

İndi heteroseksual bir sevgilim var, məni görüb və deyib ki, budur. Cinsiyyətimin fərqinə    varmayıb. Dedim ki, sən bilirsən mən kiməm? Mən transgender oğlanam. O çox sevindi. Dedi ki, “mən lezbiyan ve biseksual ola bilməzdim”. Dəfələrlə psixoloqla danışmışam ki, bəlkə ona yetə bilmirəm. Çünki onun istəkləri tam oğlandır, biseksual deyil ki, məni başa düşsün. Onun yanında tişörtsüz qalmıram, paltarsız yatmıram. 

Ailə icazəsi olmadan, məhkəmə qərar çıxartmır.

• Transgender olduğunuzu qəbul etdiniz, növbəti mərhələlər necə oldu?

• Mən artıq testestoren hormonu qəbul etməli idim, araşdırdım ki, bunu necə qəbul edə bilərəm. Həkim axtardım, o mənim hormonlarımı ölçməli, ona uyğun dozanı müəyyən etməli idi. Həkimlər bunu boynuna götürmədi, çünki cinsiyyəti dəyişməyə məhkəmə qərarı ilə icazə verilir. Hətta onsuz hormanları belə ölçmürlər. Məhkəmə qərarını almaq üçün isə neçə yaşın olur-olsun, ailəndən icazə kağızı almalısan. Mən heç bir şəkildə bunu ailəmə deyə bilməzdim, beləliklə mən hormon qəbul edə bilmədim. Mən başqa yollarla onu tapıb qəbul etsəydim,  yenə bir müddətdən sonra üzüm tüklənəcək, görünüşüm dəyişəcək və şəxsiyyət vəsiqəmdə tanınmayacaqdım. Və belə olan halda mən yenə də qanun qarşısında məsuliyyət daşıyacam. 

Mensturasiya vaxtlarımı saxlamışam.

İndi görürəm ki, bu mənə çox lazımdır, mən çox tez-yez depressiyalara düşürəm. Çünki hormon elədir ki, insani dibə də sala bilər, yuxarı da çıxara bilər. Mən heç hormonlarımı da ölçüsünü bilmədim. Transgender olan insanların  bədəni çox inkişaf etmir. Mən sufiyəm bir az, ruhun gücünə inanıram. Bədən ruhu qəbul etmədiyinə görə, bədən inkişafı saxlayır. Bədənə ancaq hormon lazımdır. Mən beyin gücümlə üz cigilərimi dəyişmişəm. Şəxsiyyət vəsiqəsini göstərir, çox dəyişib. Mensturasiya vaxtlarımı saxlamışam. Meditasiya edirəm, bilirəm ki, hormon qəbul edə bilməyəcəm, beyin gücüylə penis çıxara bilməsəm də, bəzi şeyləri edə bilərəm. Daha güzgünün qabağına keçəndə ağlamıram, dəyişikliyi hər gün görürəm, bir işıq olur ki, bu gün də dəyişmisən, sabah da dəyişəssən.

 • Ailənizə etiraf etmək barədə düşünmüsünüzmü?

 • Ailəm ümumiyyətlə bilmir. Onlara etiraf etsəm, gərək ölkədə qaçım. Amma bu ölkədə ediləcək şeylərim var, işim, şəxsi həyatım. Geyim tərzim onlarda narahatlıq yaradır, deyirəm ki, bu mənim stilimdir. Anam bəzən mənə yazır ki, mən qızım üçün darıxıram. Atam mənə bioloji qız vaxtımın şəkillərini atır ki, bunun üçün darıxıram. Mən onların övladıyam, amma cinsim artıq başqadır, ruhum artıq başqadır. Geyimimi qəbul ediblər, saçımı da hardasa qəbul edirlər, amma üzüm onlarda problem yaradır.

Bəlkə də anam içində hiss edir, əgər o mənə deyirsə ki, mən qızım üçün darıxıram, deməli o başa düşür ki, mən onun qızı deyiləm, oğluyam. Mamam bir neçə dəfə soruşub ki, sən cinsinimi dəyişmək istəyirsən? Mən cavab vermirəm. O isə davam edir, “sən cinsini dəyişə bilməzsən, sənin bütün bədənin qadındır, cinsiyyət orqanın qadındır, mən səni dünyaya gətirmişəm, mən bilirəm ki, kimi dünyaya gətirmişəm”.

• Bəlkə onlara hansı çətinlikləri yaşadığınızı izah etsəniz, razı olardılar, hüquqi prosedurlar üçün şansınız yaranardı?

• Mən onlardan bir  neçə dəfə bu barədə söz almışam. Ailəm dediyim ki, qatı dindardır. Onlar bunu şeytani yol, allahın əksinə getmək kimi qəbul edir. Bu səhvdir, günahdır, bunu qəbul edən insan da eyni qədər günaha girmiş olur. Anam deyir ki, “özünü belə aparma, sən oğlanqızlara oxşayırsan”, Deyirəm, “oğlanqız nədir”, deyir, “ikili dünyaya gələnlər”. Bəzilərində olur ki, ətrafı qəbul edə bilirlər, amma özlərininkini yox, onlarda elə bir işıq görsəydim, mən onlara izah edərdim. Onlar mənə deyiblər ki, sən bizim çöldə adımızı batırmağındansa, dəlilik kağızı alarıq, dəlixanaya tıxarıq, bilərik ki, sağsan, adımızı da batırmırsan. O təhditlər gəldiyinə görə bilirəm ki, heç vaxt deyə bilməyəcəm. Dəfələrlə mənə deyiblər ki, səni vurarıq, şikəst edərik, bilərik ki, evdəsən yenə. Mənim hava-su kimi hormona ehtiyacı var, bilirəm ki, gedəcəm, ona görə də ailə ilə münasibətlərimi soyuq saxlayıram. Mən bilirəm ki, əvvəl axır mən onları, onlar da məni atacaq. Əminəm ki, ailəmə bunu etiraf etməycəm, mənim sağlam olmağım daha az vacibdir, nəyinki kiminsə nəsə deməyi. 

Deyib, bizim rayonda da belə adamlar olub, dərman qəbul ediblər və düzəliblər.

• Bəs cəmiyyətdə necə, qəbul olunmaqla bağlı problemlər yaşayırsınızmı?

• Özümü kiməsə aydınlaşdırmaq üçün “transgenderem, transeksualam” deyirəm. Əslində isə  biz heteroseksual olmaq istəyən fərdik. Mən kişiyəm, marağım qadınlaradır, heteroseksualam, cinsi azlıq deyiləm. Cinsiyyətimi dəyişəndə tam heteroseksual olacam. Mən istəyirəm ki, həyat yoldaşımla uşağımız olsun. Biz bu dönəmi sevgilimlə həll ediləsi, müvəqqəti problem kimi görürük. Bilirik ki, maniyə var və həll olunacaq. Hətta sevgilimin anası da bilir, qəbul edir münasibətimizi. Deyib, bizim rayonda da belə adamlar olub, dərman qəbul ediblər və düzəliblər.  Tez-tez soruşur ki, “dərman qəbul edirmi?”. Amma şəkillərimə də baxıb soruşur ki, çox dəyişib, deyəsən dərman qəbul edir. 

Müdirim, iş yoldaşlarım hamısı bilir. Mənə öz qoyduğum adla müraciət edirlər. Həssaslığımı onlara ötürə bilmişəm. İşdə bir dostumuz vardı, gözəl ürəyi var, amma dəyərlərə çox bağlıdır. Bir dəfə işdə ondan soruşdular ki, “bilsən ki, ofisdə homoseksual var, reaksiyan necə olar?”. O sərt reakssiya vermişdi, mən etiraf edəndə isə heç nə deməmişdi, münasibtlərimiz olduğu kimi davam etmişdi. Hətta indi hardasa tədbirlər olanda, mənə yönləndirir ki, sevgilinlə gedə bilərsən. İnsanların sizi tanımağa ehtiyacı var. Bilgisiziklikdən insanlarda homofobluq yaranır.

 • Cəmiyyətdə trasngender olaraq, qarşılaşdığınız əsas problemlər nələrdir?

• Hardasa qohumlarla görüşəndə soruşurlar, “kimin oğludur?”, evdə dava düşür. Belə olanda evdən məcbur edirlər ki, makyaj edim, qız kimi geyinim, qız kimi davranım. 

Bəzilər qaqaş, bəziləri xanım deyə müraciət edir. Bu məni çox narahat edir, bəzən sevgilimin yanında xanım deyirlər. İki işdə çalışıram, digər işimdə məni qız deyə bilirlər. İlk baxışda onlara oğlan kimi görünə bilərdim, adımı çəkəndə bioloji qız olduğumu biliblər və mənə elə davranıblar. Bu mənim çox xətrimə dəyir, içimdə inciklik yaranır. İstəmirəm kimsə mənə xanım deyə müraciət etsin, qız kimi davransın. Ancaq oğlan tualetinə gedirəm. Qız tualetinə girəndə qızlarda problem olur, oğlan tualetinə girəndə oğlanlarda. İdmana gedirəm, məni qəbul etmirlər. Mən bir dəfə dedim ki, mənim görünüşüm belədir, amma şəxsiyyət vəsiqəmi görürsüz də, dilimə də gətirə bilmirəm, bioloji olaraq, qızam. Bu o deməkdir ki, qızlarla olmalıyam. Bu bədənlə oğlanlara getməyim təhlükəli ola bilər, çunki yenə də tualet, hamam, çimmək mərhələsi var. Qəbul etmişdilər, amma hər dəfə problem olurdu. Mən gördüm ki, insanlara problem yarada bilmərəm, onları narahat edirəm, çıxdım. 

Şəxsiyyət vəsiqəmi təqdim edəndə çox əziyyət çəkirəm, xüsusilə dövlət müəssisələrində çox homofobdurlar,  iş axtaranda çətinliklər çəkirəm. Görünüşümə görə bir çox iş görüşmələrindən rədd cavabı almışam. 

Ən çox səsim narahat edir, səsim qalınlaşsa, insanlar mənə qız deyə müraciət etməzlər. Taksi çağıranda narahatçılıq olur, danışırıq, taksiyə minirəm. Sürücü deyir ki, qaqaş mən səni gözləmirdim, elə bilirdim xanım gələcək. Deyə bilmirəm ki, mən idim o, və düşürəm. Bunu dilimə gətirmək məni incidir. Tək olanda daha az xətrimə dəyir, nəyinki sevgilimlə olanda. 

• Bu sahədə atıla biləcək ən vacib hüquqi addımlar hansılardır?

• Insanlar öz həyatları barədə qərarları özləri verə bilməlidirlər. Cinsiyyətimi dəyişdirə bilmək üçün mənim, valideynimin icazəsinə ehtiyacım olmamalıdır. Mən hormon qəbulu üçün 7-8-dən çox həkim gəzmişdim, heç biri bunu razı olmamışdı. Xaricdə sən bunu başağrı dərmanı kimi aptekdən ala bilərsən. Bizdə də belə olmalıdır, ən əsası apteklərdə testeroren həkim kağızıyla satılmalıdır, mən bunu ala bilməliyəm. Mənim bədənimin buna ehtiyacı var. Heç bir həkim bunla məşğul olmaq istəmir. Bir transeksual tanışım var, ona sinə taxmaqdan imtina edirlər. Həkimlər ən azı bu sahədə bilgili olmalıdırlar.

 • Bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirik!

• Təşəkkürlər!

O psixoloq məni özümə nifrət etdirdi. Mən əmin idim ki, buna görə öləcəm və cəhənnəmdə yanacam

Müsahibimizin 18 yaşı var, Bakı Dövlət Universitetində oxuyur, biseksualdır. Bu yaxınlarda bir film təqdimatında, insanlar içərisində “kaming aut” edib. Bu cəsarəti  bizdə maraq oyandırdığı üçün onu daha yaxından tanımağa qərar verdik.

  • Yəqin ki, tədbirdə, insanlarla hislərini bölüşdükdən sonra özünü daha rahat hiss edirsən? Sonrakı təəssüratlar necə idi?
  • Bəli, hədsiz dərəcədə rahatlamışam. İlk olaraq evə gəlib saatlarca sevincdən ağlamışam. Özümü özüm kimi hiss eləmək və bununla qürur duymaq çox gözəl bir hissdir.  Eyni zamanda da oradakı insanlardan çox müsbət təəsüratlar aldım.  
  • Necə qərar verdin “kaming aut” etməyə?
  • Düzünü desəm, bu çox spontan qərar oldu. Əslində sadəcə bu cür tədbirə görə təşkilatçılara təşəkkür etmək üçün mikrofonu əlimə almışdım. Lakin, birdən hiss etdim ki, buradakı insanların hamsısı məni başa düşə bilərlər, qınaq obyektinə çevrilməyəcəm. Həm də ora yaxın olduğum müəlliməmlə biryerdə gəlmişdim və o bilmirdi ki, mən biseksualam. Sadəcə elə bilirdi ki, marağım var. Ona təkbətək deməkdən isə çəkinirdim. Düşündüm ki, bu həm də ona etiraf etmək üçün yaxşı fürsətdi.  O eşitdi, ordan çıxandan sonra məni qucaqladı və mənə dedi ki, mən bilsəydim, səni belə bir şey narahat edir, sənə çoxdan dəstək olardım. O tanıdığım ən möhtəşəm insandır.
  • Biseksual olduğunu ilk nə vaxt hiss etmisən?
  • İlk  dəfə 9-cu sinifdə oxuyarkən hiss etdim. Ona qədər bu barədə fikirləşməmişdim belə. Çünki müsəlman ailəsində böyümüşəm. Sonradan biraz araşdırma apardım, və özüm barəmdə düşündüm ki, ola bilsin mənim qızlardan biraz daha çox xoşum gəlir.  Araşdırmalarım nəticəsində başa düşdüm ki, bu insanlar xəstə deyillər.  Bu hormonal yaxud psixoloji problem deyil. Sadəcə biz belə doğuluruq. Bundan sonra özüm özümü qəbul etdim ki, bəli, mən biseksualam.
  • Maraqlıdır, bəs necə fərqinə vardın ki, qadınlara qarşı duyğuların fərqlidir?
  • Sinif yoldaşım var idi. Çox gözəl və yaxşı insan idi. Oğlanlara baxanda necə hiss edirəmsə özümü, ona baxanda da eyni şeyləri hiss edirdim. Bu bir dosta duyulacaq sevgi deyildi. Bundan sonra hiss etdim ki, məndə nəsə fərqlilik var.
  • Ailənin dindar olduğunu söylədin, onlarla hislərini bölüşməyi düşünmüsənmi? Səncə bunu necə qəbul edərlər?
  • Yox, ümid edirəm ki, heç vaxt da paylaşmaq məcburiyyətində qalmaram. Etiraf etsəm bilirəm ki, qəbul etməzlər. Çünki müsəlman ailəsiyik, Allaha inanırıq və LGBT üzvlərinə pis baxırıq. Məni də belə böyüdüblər. Lakin, bu mənim günahım deyil ki, mən beləyəm. Xüsusilə anam çox qəti fikirlidir bu mövzuda, amma bəlkə də atam hardasa başa düşə bilər. Bir də məndən balaca bacı və qardaşım var. Əminəm ki, bacım məni başa düşəcək. Bəlkə də mənim təsirimdəndir ki, bacım qardaşımdan fərqli olaraq, daha açıq fikirli böyüyür. Heç kimi qınamır. Bilirəm ki, mən ona desəm, o bunu nəinki ailədə açıqlamaz, hətta sirrimi də saxlayar.
  • Bəs yaxınlarına necə, açıqlamısanmı?
  • Ən yaxın dostlarım bilir. İlk gündən ən yaxın qız dostuma etiraf etdim. O da çox normal qarşıladı. Daha sonra da digərlərinə.
  • Biseksual olduğunu yaxınlarına açıqladığın zamanlarda heç qınanmaya məruz qalmısanmı?
  • Əlbəttə, məktəbdə çox olub. Mənim çox yaxın hesab etdiyim qız dostum var idi. Ona etiraf etmişdim. Lakin o mənim ona açdığın bu sirri bütün məktəb arasında yaydı. Çoxu inanmadı, amma inanlar mənə söz atmağa, ələ salmağa başladılar . Hətta bəziləri müəllimlərə xəbər vermişdi. Lakin müəllimlər məni təhdit edərək psixoloqun yanına getməyə məcbur etdilər.
  • Bu necə baş verdi, müəllimlərin səni psixoloqa getməyə necə məcbur etdilər?
  • Fizika dərsində idim. Müəllimin biri gəldi və dedi ki, məktəb psixoloqu səninlə danışmaq istəyir.  Düşdüm yanına və ona etiraf etdim hər şeyi. Çünki mən zənn edirdim ki, psixoloqa yalan danışmaq olmaz, yoxsa kömək edə bilməzlər. Lakin, o çox ağlatdı məni, dedi ki, buna görə öləcəm və cəhənnəmdə yanacam. Qurandan sürələr oxudurdu mənə, mənlə birgə düzəlməyim üçün dualar edirdi.  Həftədə 1 dəfə gedirdim yanına, məni hər dəfəsində ağladırdı, pis vəziyyətə qoyurdu. Bir müddət sonra dostlarım fikir verdilər ki, mən getdikcə sönürəm, nəsə problem var. Daha sonra onlar məni onun yanına getməyə qoymadılar. Müəllimlər də vəziyyətimi görüb çox da məcbur etmədilər. O psixoloq məni özümə nifrət etdirdi. Mən əmin idim ki, öləcəm və cəhənnəmdə yanacam.
  • Vurğuladın ki, müəllimlərin səni təhdit edərək, psixoloqa getməyə zorladılar. Nə ilə təhdit olunurdun?
  • Dedilər ki, istəmirsənsə söhbət harasa çatsın, düş aşağı, psixoloqla danış. Yəni, açıq sözlə mütləq getməlisən demədilər. Amma məcbur etdilər. Bu mənim aldığım ən böyük travma idi. İndi danışmaq çətin deyil, amma tək olanda və o günlər yadıma düşəndə həmişə ağlayıram. Şükür ki, valideynlərimə çatmadı.
  • İndiyədək bizim müsahibə aldığımız bütün LGBTQİ+ fərdlərinin ən azı bir intihar hekayəsi olub. Bəs səndə necə? Belə bir şey baş verib nə vaxtsa?
  • O psixoloqla söhbətə başlayanda özümə zərər vurmağa başladım. Davamlı olaraq edirdim bunu. İndiyədək də onun izləri qalıb. İntahara da bir dəfə cəhd etmişəm. Yaxşı ki, sona qədər çatdırmadım. Venalarımı kəsmək istəyirdim, tam o anda yaxın dostum otağa girdi və bıçağı əlimdən aldı. Mənə başa saldı ki, yaşamağa dəyər və sonrasında biryerdə qucaqlaşıb ağladıq.
  • Çox sağ ol, bizə vaxtını ayırdığın üçün. Son olaraq nəsə demək istəyirsənmi?
  • LGBTQİ+ fərdlərinə bir tövsiyə vermək istəyirəm. Onlara burdan səslənib demək istəyirəm ki, özünüz olmaqdan heç vaxt çəkinməyin. Elə adamlar var ki, özlərini qəbul edib gizlədənlərə qorxaq deyirlər. Lakin bu elə deyil, əsasən də Azərbaycanda bu qorxaqlıq deyil, bu özünü qoruma instiktidir və bu olmalıdır. Ona görə də kimsə etiraf etmirsə, bu ayıb deyil, bu qorxaqlıq deyil. Sizin ətrafınızda sizə təzyiq göstərən, qınayan insanlar olmasaydı, siz qorxmazdız. Deməli, problem sizdə deyil, sizin qorxaqlığınızda deyil.
  • Çox təşəkkürlər.

Mən qeyri-binar idim, amma qadın və kişidən başqa genderlərin də ola biləcəyi bir dünyadan xəbərsiz idim.

Müsahibimizin 19 yaşı var, qeyri-binardır. Tələbədir. İngilis dili üzrə müəllim(ə) kimi fəaliyyət göstərir. Gələcəkdə gender psixologiyası oxumaq istəyir.

“Qeyri-binar” qadın və kişi genderlərinə uymamaq deməkdir.

Lap uşaqlıqdan, boynuma hansı cinsə aid olduğumu qoyduqlarından bəri hiss etmişəm ki, mən bu kateqoriyaya aid deyiləm. İçimdə səbəbini bilmədiyim narahatlıq vardı. 12-13 yaşıma qədər niyəsini müəyyən edə bilmədiyim bu narahatlıq məndə gərginlik yaradırdı. Mən qeyri-binar idim, amma qadın və kişidən başqa genderlərin də ola biləcəyi bir dünyadan xəbərsiz idim.

  • Uşaqlıq dövrlərinizdən keçirdiyiniz bu narahatlığa hansı amillər səbəb olurdu?
  • Cins anlayışı mənə tanıdılandan  düşünmüşəm ki, məni çağırdıqları şey deyiləm. Heç vaxt məni “qız” deyə çağıranda rahat hiss etməmişəm. Hətta dönüb arxaya da baxmamışam bəzən. Düşünməmişəm ki, bunu mənə deyirlər. Uşaq vaxtı həyətdə qızlar hərdən mənlə oynamırdılar ki,  sən qız deyilsən, oğlana oxşayırsan. Bəlkə də onlar davranışlarıma görə belə düşünürdülər. Çünki bioloji olaraq hansı cinsə aid edilmisinizsə, sizdən o cinsə özlərinin yüklədikləri xarakteristkaları daşımağı tələb edirlər. Məsələn qız kimi oturmaq, qız kimi durmaq, qız kimi danışmaq deyə anlayışlar formalaşdırırlar. İstər sterotip baxımından, istər ümumi tendensiya olsun, sizdən ona uymağınız gözlənilir. Ona görə məndə gərginlik yaranırdı.
  • Fərqli bir kateqoriyaya aid olduğunuzu necə müəyyən etdiniz?
  • Mən hər dəfə bu barədə problem yaşayanda deyirdim ki, elə hiss edirəm ki, ətrafdakı qızları birləşdirən ortaq nəsə var, məndə o yoxdur. Mən özümü həmişə qırağa atılmış kimi hiss etmişəm. Nə oğlanların sırasına tam olaraq gedə bilmişəm, nə də qızlar tərəfindən qəbul edilmişəm. Qızlarda mənə qarşı qıcıq yaranırdı sanki hərdən, onların qıza tipik saydıqları xüsusiyyətləri göstərmədiyim üçün hardasa daha az qız olaraq görülürdüm. Daha az qız olaraq görüldüyüm üçün, daha çox əksildilirdim. Bir növ mənim qız olmaq kimi vəzifəm var və mən bunu bacarmırmışam kimi. İnsanlar  öz cinsini qürurla sinələrində daşıyırlar, mən “kişiyəm”, mən “qadınam” deyə. Mən isə üstümə qoyulan vəzifəni doğrultmamışam kimi bir havayla böyümüşəm. Qız olmaqda uğursuz olmuşam deyə özümü günahlandıra-günahlandıra, ətrafdakı qızların hərəkətlərini təkrarlamağa çalışmışam. İstər yubka olsun, istər makyaj olsun. Bu məni çox sıxırdı. Bütün bunlar məndə sosial fobiyanın başlanmasına səbəb olmuşdu. İlk dəfə mənim LGBTQ+ ilə tanışlığım 7-8 ci sinfə təsadüf edir. Ona qədər çox əziyyət çəkmişəm bu barədə.  İnternetdə iki öpüşən oğlan fotosu görmüşdüm. Şok yaşamışdım, necə ola bilərdi ki, ətrafda belə bir dünya varmış və biz bundan xəbərsiz böyümüşük. Suallarım yaranırdı, evdəkilərdən bu barədə soruşurdum. Azərbaycan dilində çox mənbə tapa bilmirdim, ingilis dilində oxuduqlarımı başa düşmürdüm. 1-ci kursda oxuyanda psixoloqa getdim.
  • Psixoloqunuz sizi düzgün yönləndirə bildimi?
  • Digər dostlarımın psixoloqlarıyla olan hekayələrinə nəzərən daha şanslı olduğumu deyə bilərəm. Ən azından o mənə ‘’namaz qıl keçəcək’’, ‘’dua et, düzələssən ’’ kimi şeylər deməyib. Mən problemlərimi dilə gətirirdim. Psixoloqum mənim hansı kateqoriyaya aid olduğum barədə məlumatlı deyildi. Mənə elə gəlir o, ikidən çox gender olduğunu bilmirdi. Mən ona deyəndə ki, qız deyiləm, deyirdi ola bilsin ki, xasiyyətin feminin deyil sadəcə. İndi söhbətlərimizi xatırlayıram və başa düşürəm ki, psixoloqum mənim lezbiyan olduğumu düşünürdü, ona görə seanslarda mənə bununla bağlı danışırdı. Amma get-gedə o da məni stressə salırdı.  Deyirdi qərar verməlisən, ya kişi olmalısan, ya qadın. Bütün həyatım bunun üzərində qurulmuşdu, mən niyə bir tərəf seçməliyəm axı, sanki həyatım bir yarışmış kimi.  Bir qrup seçib elə davam etməliydim, öz yolumla gedə bilmərəmmiş kimi. Məndə belə bir fikir vardı ki, hansı cinsi seçsəm, o cinsə uyğun görüldüyü kimi davranmalıyam , qadın olduğumu desəydim, heç vaxt vaz keçə bilməyəcəyim maskulin davranışlarımı kənara qoymalı idim, makyaj etməliydim, yubka geyməliydim. Demirəm ki, mən bunları heç sevmirəm, bunları edəndə də tərzimi bəyənmirlər. Oğlan olduğumu desəm də, feminen davranış göstərən kimi, bunu da üzümə vuracaqdılar, hələ digər ortaya çıxacaq çətinliklərdən əlavə olaraq. Amma bu kateqoriyaların heç birində özümü rahat hiss edə bilmirdim.
  • Nə vaxtdan artıq qeyri-binar olduğunuzu qəbul etdiniz?
  • 11-ci sinifdə artıq ingilis dilində oxuduqlarımı tam başa düşməyə başladım. Növbəti illərdə  ətrafımdakı bəzi dostlarım da mənə hər bir şeydə kömək etməyə çalışırdılar. Qeyri-binar barəsində artıq ikinci kursda bilirdim, amma özümü adlandırmağa qorxurdum. Bunu qəbul etməyim mənim (ingiliscə) əvəzliklərimi dəyişməyim demək idi, artıq hamıya düzəliş etməliydim, evdəkilərə deməliydim ki, mənə “qızım” deməyin. Bu mənə həddindən artıq böyük həngamə kimi gəlirdi və qorxurdum. Dünyaya özümü bir dəfə də təqdim etməliydim, amma yeni bir imajla. Mən həmişəki insan olacaqdım, amma insanlar məni artıq həmişəki mən olaraq görməyəcəkdilər.
  • Tez-tez insanların coming out hekayələrinə baxıram, 5-6 ay əvvəl bir videoya baxanda qərar verdim ki, bitdi. Özümü aid olmadığım bir qutuya sığdırmaqdan bezdim. Bundan sonra mənə heç kim qız deməsin. Elə həmin an ən yaxın dostlarıma yazdım, hansı ki, onlar heç vaxt məni qınamayıblar, artıq filan-filan sözləri işlətməyəcəyim barədə onlara dedim. Evə izah mərhələsi gəlirdi, ən çətini bu idi.
  • Evdəkilərə bütün bunları necə izah etdiniz, bunu necə qəbullandılar?
  • Mən onlara başa saldım ki, cins və cinsiyyət eyni anlayış deyil. Oxuduqlarımı, psixoloqla olan söhbətlərimizi, uşaqlıqda yaşadıqlarımı danışdım. Anlatmağa çalışdım ki, mənim yaxşılığımı istəyirlərsə, onda artıq mənə “qızım” deməsinlər. Hər dəfə o sözü deyəndə məndən bir parça qoparırlar, mənliyimi inkar edirlər. Məni olmadığım bir şey adlandırırlar. Buna görə ömür boyu narahat hiss etmişəm. Anam hələ də anlamağa çalışır müəyyən qədər. Evdə səhv etməməyə çalışan bir anam və bacımdır. Bacım balacadır, 6-cı sinifdə oxuyur.
  • Bacınızın balaca olduğunu dediniz, o danışdıqlarlarınızı necə dərk etdi?
  • Böyüklərin başa düşməyi vaxt alır, kiçiklərin isə yox. Uşaqlar ən yaxşı başa düşürlər. Səhv etmirəmsə, anama “mənə qızım demə” dediyimi eşitmişdi və bunun mənasını soruşdu. Mən ona ilk dəfə izah edəndən bəri, o mənə qadınlara xitabla bağlı olan heç bir söz deməyib, amma çoxlu sualları yaranırdı.  Çaşıb səhv edən kimi də çox ciddi şəkildə üzr istəyir. Bircə problemi gəlin və bəylə bağlıdır ki, mən evlənsəm, mənə nə deyəcək. Ona çox şey barədə danışmışam, izah etmişəm ki, dişi olmaqla qız olmaq eyni şey deyil, bu bədəndə olmaq hələ qız olmaq demək deyil . Anatomik, davranış, harmonal, genetik xüsusiyyətlər bəzən insanlarda üst-üstə düşmür. Transeksuallar  üzərindən gətirdim nümunələri. Ən problemsiz qəbul edən bacımdır. Mənə qız demir, amma bircə xahiş edib ki, bacı desin. Bir dəfə məktəbdə, bacımgilin sinfində bir oğlan haqqında danışırmışlar ki, qızbibidir, geydir. O da deyib ki, gey olmaq o demək deyil. Bu çox müsbət bir şeydir mənə görə. Çünki artıq ətrafdakı haqsızlıqları görür və başa düşür.
  • Ailənizə, dostlarınıza kaming-aut etməyiniz illərlə yığılıb qalan gərginiliyinizi azalda bildimi?
  • Feminen ola bilmədiyimə görə, necə günahkar idimsə və mənə özümə nifrət etməyə necə öyrətmişdilərsə, feminen olan, mənim uğursuz olduğum şeylərdə uğurlu olan qadınlara qarşı paxıllığım var idi. Onlar qəbul edilir, mən qəbul edilmirəm deyə. Mənə evdə də qızları nümünə göstərirdilər. Sonradan bu qeyri- rasiyonal nifrəti aradan qaldırmağım uzun çəkdi. Mənim ən böyük problemim özümü qəbul etməməyimlə bağlı idi.  Sosial aktivliyim çox aşağı düşmüşdü. Elə bir bədənin içərisindəsən ki, bu sənə aid deyil, səndən gözlənilən heç nəyə uymursan. Səndə nəyinsə çatışmadığını ömür boyu kiminsə başa düşəcəyi qorxusuyla yaşayırsan. Dostlarıma bunu etiraf edəndən sonra artıq öz bədənimdə daha rahatam, daha özgüvənliyəm, artıq qaçmıram, gizlənmirəm. Amma təbii ki, univeristetdə, işdə, yolda, cəmiyyətdə hər gün eyni stressi, hər dəfə sənə qız deyiləndə başdan yaşayırsan. Məsələn, avtobus sürücüsünə deyə bilmərsən axı mənə qız demə. Və ya kursda uşaqlara deyim ki, mənə müəllimə deməyin. Nə desinlər? Müəllim də düzgün deyil axı.  Bir insanın ancaq dəqiq genderini biləndən sonra dəqiq gender spesifik sözlərə keçmək olar. Ancaq o insanlara düzəliş edirəm ki, bu insanla son söhbətim deyil.
  • Bəlkə də sizə olan qadın xitabları daha çox görünüşünüzlə bağlıdır, bədəninizi transformasiya etdirmək barəsində düşünmüsünüzmü?
  • Gender disforiyam tam aradan qalxmayıb, amma daha rahatam. Bədənimdə heç bir dəyişiklik etmək istəmirəm. Ancaq ayrı evə çıxandan sonra stilimdə, ümumi görünüşümdə bəzi dəyişikliklər edəcəm yəqin ki. Daha az feminen görünmək istəyirəm. Bəzən insanlarda belə yanlış düşüncə yaranır ki, əgər kimsə qeyri-binardırsa, mütləq ona baxanda cinsini də ayırd edə bilməməlisiz, bu o demək deyil. Mən sabah dırnaq uzatsam, makyaj etsəm də, yenə qeyri-binar olacam, kişilərə xas sayılan şeyləri etsəm də. Gender bir hisdir, özümüzü necə görməyimizdir. Mən icazə vermirəm ki, mənə bütün yaşadıqlarımı qeyri-binar olaraq da yaşatsınlar. Soruşmasınlar ki, niyə saç uzadırsan. Mən sabah saçlarımı kəsə də bilərəm.
  • Bu istiqamətdə gələcəklə bağlı planlarınız nələrdir?
  • Mən xaricdə yenidən bakalavr üzrə gender psixologiyası təhsili almaq və bir müddət yaşamaq istərdim. Amma təhsil aldıqdan sonra Azərbaycana qayıtmağı düşünürəm. Mən bu cəmiyyətdə böyümüşəm, bu cəmiyyətin problemləri mənə aydındır. Ata biləcəyim bütün addımları atmaq istərdim. Bilirəm ki, insanlara qarşı necə diskriminasiya olunur. Mənə elə gəlir ki, özümü daha yaxşı hiss etməyə nail olmuşamsa, başqalarına da kömək etməliyəm.
  • Diskriminasiyaların aradan qaldırılması üçün cəmiyyətdə hansı istiqamətdə addımlar atılmalıdır?
  • Gözümüzü açandan bizə məntiqi əsası olmadan bəzi şeyləri yapışdırırlar ki, nələri edə bilərik, nələri edə bilmərik. Ya xüsusi kimliklər alçaldılır. Hansısa xüsusiyyətlər, kimliklər, orientasiyalar pislənilir, xəstəlik olaraq qəbul edilir. Uşaqlar yaxşı çəkilmiş filmlər görməlidirlər, düzgün təqdimetmələr göstərməlidirlər. Məktəblərdə cinsi sağlamlıq haqqında təhsil olmalıdır. Sterotipləri faktlardan ayırmağı öyrənməlidirlər. Məlumat mənbələrini artırmaq olar, tərcümələr etmək. İnsanlara individual dəstək də ola bilərik. İnsanların yaşadığı problemlərin çoxu ailələrinin onları anlamamağından və qəbul etməməyindən qaynaqlanır. Valideyn olmaq barədə düşünən hər bir şəxsin ən azından bəzi sahələrdə bilikləri olmalıdır, uşaqlar ailələrdən düzgün məsləhət ala bilməlidir. Həkim olmaq üçün təhsil alırsan, müəllim olmaq üçün təhsil alırsan. Amma dünyaya insan gətirmək istəyirsən, onu şəxsiyyət kimi böyütməlisən, bu barədə sənə istiqamət verən yoxdur. Hər bir sənətdə özünə yer tutmaq üçün peşəkar olmalısan, amma valideyn olmaq kimi çətin vəzifəni yerinə yetirərkən heç nə tələb etmirlər.
  • Necə düşünürsüz, bəzi LGBTQ+ fərdlərinin öz orientasiyalarını açıq şəkildə etiraf etmələri, kaming-out hekayələri cəmiyyətdəki sterotipləri qıra biləcəkmi?
  • Əvvəl daha ümidli idim. Fikirləşirdim ki, bəlkə 1-2 ildən sonra parad keçirərik. Evdə bacımla birlikdə LGBTQİ+ bayrağı da düzəltmişik. İndi insanlar daha çox bu barədə danışırdılar. Amma danışanda daha çox homofobik danışırlar. Bunları qanunlar tənzimləməlidir. İnsanlar məni qəbul etməyə bilər, amma onların qəbul etməməyi mənə narahatçılıq verməməlidir. Mən nifrət nitqi eşitməyə məcbur deyiləm. Mən təkcə nifrət nitqi eşidirəm, amma başqaları buna görə fiziki zorakılıqlara da məruz qalır. Qrup yoldaşlarımdan biri demişdi ki, bütün LGBT fərdləri qırılmalıdır, o mənim yanımda oturur və gözümə baxa-baxa belə bir şey deyir. İnsanlar içlərində olan nifrəti səhv istiqamətlərdə qusurlar. “Nifrət edirəm” deyən hər bir insanın statistik cəhətdən heteroseksual olmağı mümkün deyil. Mən də bunu yaşamışam.
  • Müsahibə üçün təşəkkür edirik. Digər LTBQİ+ fərdlərinə də nəsə demək istərdinizmi?
  • Düşünürəm ki, insanların öz hekayələrini bölüşməkləri çox vacibdir.  Özümü dərk etmək mənim illərimi aldı. İnsanların ən az haqqında məlumatları olduğu mövzulardan biri qeyri-binarlardır.  Bəlkə kimsə bunu oxuyandan sonra biləcək ki, o bir yerə aiddir, itmiş deyil, uğursuz deyil, hamı kimidir, iki kateqoriyadan birini seçməyə məcbur deyil. Təşəkkürlər!

Bir dəfə anama sual vermişdim ki, mən, yaxud qardaşım homoseksual olsa, neyləyərsən? Cavab vermişdi ki, özümü yandıraram.

Müsahibimizin cəmi 20 yaşı var, homoseksualdır, Bakı Dövlət Universitetində təhsil alır. Cənub rayonlarından birində doğulub və universitetə daxil olana qədər də orada yaşayıb. Hal-hazırda Bakıda, qohumunun evində qalır. 

  • Cinsi oriyentasiyanın fərqli olduğunun ilk dəfə nə vaxt fərqinə vardın?
  • İlk dəfə 12 yaşında hiss elədim fərqli olduğumu. Lakin, bunun özlüyündə bir qəbul etmə məsələsi var idi. Universitet vaxtına qədər də özümü qəbul edə bilmirdim.
  • Sonradan bunu qəbul etməyinə səbəb olacaq nə baş verdi?
  • Qəbul etməyim çox acınacaqlı formada oldu. Mən o vaxtlar çox dindar idim. İslama inanırdım və hər gün namaz qılırdım. Həmin vaxtı hər namaz qılanda tanrıya dua edərək yalvarırdım ki, tez  düzəlim, sağalım. Buna xəstəlik kimi yanaşırdım. Bir  tərəfdən də ətrafımda və mediada  cinsi oriyentasiyası fərqli olan insanlara qarşı qərəzlə yanaşılır, müəyyən jarqonlardan istifadə edirdilər. Bunu bilirsiz, yəqin ki, hansı jarqonlardı. İnancım, media, ətrafımdakı insanlar mənə çox təsir edirdi. Özümü qəbul edə bilmədiyimə görə də üç dəfə intahara cəhd etmişəm.
  • İntaharlara cəhdlərin necə baş verdi?
  • İlk dəfə fərqliliyi hiss edəndə, o zaman 5-ci sinifdə oxuyurdum, cəhd etdim. Özümü pəncərədən atmağa çalışdım. Bu zaman məni müəllimim xilas etdi. Ən cəsarətli olduğum cəhdim bu idi. İkinci və üçüncü cəhdlərim evdə olub. Lakin, bu zamanlar çox qorxdum. Əslində bu yaxınlarda da intahara cəhd etmişəm. 4 dəfə deyə bilərik.
  • Sonuncu intihar cəhdinə səbəb nə idi?
  •  Mənim sevgilim vardı və mən, bizim bu münasibətimizi sosial mediada açıq şəkildə bölüşürdüm. Təsadüfən əmim oğlunun qrup yoldaşı da dostluğumda olub. O əmimoğluna, əmimoğlu isə qardaşıma deyib. Qardaşım məndən balaca olmasına baxmayaraq, bunu öyrənib üstümə gəldi. Məni ölümlə hədələdi. Qorxdum ki, anama və atama deyəcək. Buna görə də bıçağı götürüb özümü öldürmək istədim. Lakin, bu dəfə də qorxdum, bacarmadım. Özünü öldürmək də bir cəsarət işidi.
  • Bəs nə zamandan özünü tam qəbul etməyə başladın?
  • Normal olaraq universitet vaxtına qədər qəbul edə bilməmişəm. 1-ci kursda oxuyanda yaxın bir dostumun və digərlərinin yanında hemoseksuallara qarşı özümü homofob kimi  kamufulyaj edirdim. Bu zaman mənim homoseksual olduğumu 1 nəfər belə bilmirdi. İkinci kursda oxuyanda isə kirayə pulunu ödəyə bilmədiyim üçün qohumumgilə köçdüm. Onların evlərində internet var idi. O vaxta qədər isə mənim heç vaxt internetə çıxışım olmamışdı. O zaman “facebook” sosial şəbəkəsində gəzərkən qarşıma “Bakının 7 rəngi” adlı bir səhifə çıxdı. Maraqlı gəldiyi üçün səhifəni izləməyə başladım. Düşünün, o vaxta qədər bilmirdim ki, LGBT-nin bayrağında 7 rəng var, ümumiyyətlə LGBT nə deməkdi?. Bu səhifədən LGBT ilə bağlı, homoseksuallıqla bağlı bir çox məlumatlar əldə etdim ki, bunlar məni şoka saldı. Anladım ki, mən tək deyiləm.  Ən çox mənim özümü qəbul etməyimə o səbəb oldu ki, tarixdə indi qibtə olunan şəxsiyyətlər var, məsələn,  Makedoniyalı İskəndər, Lenin və digərləri, hansı ki, oların da homoseksual meyilləri olub. Bu mənə göstərdi ki, homoseksuallar da özlərini cəmiyyətə göstərib sübut edə bilərlər. Daha sonralar, LGBT ilə bağlı digər səhifələri izləməyə başladım, filmlərə baxdım, məqalələr oxudum. Beləliklə də özümü qəbullandım.
  • Bundan sonra nə oldu, ətrafındakılara homoseksual olduğunu açıqlaya bildin?
  • Bəli, bundan sonra gördüm ki, bu normal bir şeydi. Ailə xaric, hamıya açıqlamağa başladım. Hal-hazırda bütün qrup yoldaşlarım bilir, digər dostlarım bilir. Heç kim mənə qərəzli rəftar etmir. Mənə ən çətini əmim qızıma açıqlamağım oldu. Ailədən tək ona demişəm, o da psixoloq olduğu üçün. İlk reaksiya olaraq, mənə psixoloqa görünməyimi tövsiyə etdi. Çünki  homoseksuallıq anadangəlmə və yaxud sonradan yaranan da ola bilər. Sonra biləndə ki, məndə anadangəlmədir, normal qəbul etdi.
  • Bəs ailənə necə,  açıqlamağı düşünmüsən? Səncə, necə qəbul edərlər bunu?
  • Yox, yəqin ki, deyə bilmərəm heç vaxt bunu. Əslində ailədə homoseksuallıqla bağlı maarifləndirmə aparıram.  Lakin, ailəm də standart Azərbaycan ailəsi kimi “camaat nə deyər” tabusu ilə yaşayır. Bir dəfə anama sual vermişdim ki, mən yaxud qardaşım homoseksual olsa neyləyərsən? Cavab vermişdi ki, özümü yandıraram. Bu mənim üçün çox ağır travma olmuşdu, 2-3 həftə özümə gələ bilməmişdim. Bundan sonra qərar verdim ki, ailəmə heç vaxt açıqlamayacam bunu.
  • Gələcəyinlə bağlı nə kimi planların var?
  • Əvvəllər həmişə ölkədən getməyi xəyal edərdim. Amma, sonra qərar verdim ki, gələcəkdə ölkədə qalıb mübarizə aparmalıyam. Çünki tarix boyu homoseksuallar digər ölkələrdə özlərini qəbul etdirmək üçün çox mübarizələr aparıblar, və bəzilərində də qalib gəliblər, məsələn, Amerikada. Nəyə görə də mən Azərbaycanda qalıb mübarizə aparmayım? Hal-hazırda azmiqyaslı da olsa ölkədə bu mövzuda maarifləndirmə aparılır. Çox deyil, 1-2 nəsil sonra, inanıram ki, bu ölkəmizdə bu çox normal bir hal olaraq qarşılanacaq. Çünki indi insanlar mediaya baxanda, küçəyə çıxanda ancaq homoseksualların seks işçiliyi ilə məşğul olduğunu görürlər. Bunlar ancaq mənfi nümunələrdir və ona görə də bizim insanlar homoseksuallara qərəzli yanaşırlar.
  • Çox təşəkkürlər bizə vaxt ayırdığın üçün. Son olaraq nə demək, cəmiyyətə nə çatdırmaq istərdin?
  • Mən ən son “İnsan kitabxanası” adlı bir tədbirdə “Homoseksual kitab” idim. İnsanlar gəlirdilər, məni oxumağa. Hamı mənə deyirdi ki, sən necə belə cəsarətlisən, necə edirsən bunu. Mənim öz həyatımı yaşamaq üçün cəsarətli olmaqdan başqa seçimim yoxdu. Bilirsiz, mən görürəm ki, ətrafda həyatları dözülməz olan çoxlu latent homoseksuallar var. Çoxsu məcburən evlənib, ailəsi, uşağı var, amma həyatları məhv olub. Ona görə də mən xüsusilə onlara demək istəyirəm ki, özünüzü olduğunuzu kimi qəbul edin, açıqlayın bunu, biraz cəsarətli olun. Ola bilmirsizinsə, ən azından evlənməyin. İqtisadi müstəqilliyinizi əldə edib, ailənizdən ayrılın.  Nə özünüzün, nə də başqasının həyatını məhv etməyin.          Çox təşəkkürlər.